FED.az biznes və maliyyə xəbərləri portalı Kaspi.az-a istinadən "Facebook” şirkətində baş proqramçı kimi çalışan həmyerlimiz Emin Quliyevin müsahibəsini təqdim edir:
Eləcə də bax: Elon Mask Viladi Maniyevin oğlunu - İŞƏ GÖTÜRÜB
Emin Quliyev: "Amerika şirkətləri sənə bütün şəraiti yaradır ki, işinə fokuslanasan, başqa qayğıların olmasın. Ev tapır, əşyalarını köçürür, sənəd işlərini həll edir, övladına bağça, məktəb, yoldaşına dil kursu və s. tapır. Onlar bir işçini tapmağa hardasa 50 min avro xərcləyirlər”
Eləcə də bax: Azərbaycanlı gənc “Google”da - İŞƏ QƏBUL OLUNUB
Azərbaycanda arzusunda olduğu şirkətdə işə qəbul olur. Bir il işlədikdən sonra ölkə xaricinə getmək qərarı verir. İlk olaraq təhsillə addım atır. Ətrafındakılar "Bakıdakı yüksək maaşlı işi qoyub hara gedirsən? Orda tələbə olacaqsan, bəlkə heç xoşun gəlməyəcək, oxuya bilmədin, geri qayıtdın” desə də, fikrindən daşınmır və gedir. Söhbət hazırda "Meta” ("Facebook”) şirkətində baş proqramçı kimi çalışan həmyerlimiz Emin Quliyevdən gedir. E.Quliyev bundan öncə "Microsoft”, "Amazon”, "Delivery Hero” kimi beynəlxalq şirkətlərdə çalışıb. Qeyd edək ki, E.Quliyev Bakı Dövlət Universitetində (BDU) informatika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Daha sonra Münhen Texniki Universitetində informatika üzrə ikinci magistr təhsili alıb.
Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ
- Atanız həkim, ananız mühəndis olub. Həkimin övladını həkim, mühəndisin isə mühəndis görmək istəməsi kimi yanaşmalar olur. Sizdə belə oldumu?
- Atam bacımın həkim olmasını istəyirdi, ona görə kimya-biologiya təmayüllü liseyə qoydu. Bacımın tək getməməsi üçün atam mənə dedi ki, səni də o liseyə qoyaq. Dedim ki, hər gün bacımı məktəbə aparıb-gətirməyə razıyam, amma məni o liseyə qoymayın, mən riyaziyyatı sevirəm. Anam isə dedi ki, özü hansı sənəti sevirsə, qoy o sənətin arxasınca getsin. Çünki anam vaxtilə memar olmaq istəyib, sonra mühəndis olub və heç vaxt öz işindən həzz almayıb. Bacımın da həkimliyə marağı var idi, o sahənin arxasınca getdi. Hazırda Berlində nevropatoloq işləyir. Amma mən kimya-biologiya yox, fizika, riyaziyyat və informatika təmayüllü liseyə getdim.
"Riyaziyyatçı, alim olmaq kimi hədəfim yox idi”
- Riyaziyyatçı olmaq istəyirdiniz, yoxsa proqramçı?
- Riyaziyyat məndə yaxşı alınırdı. 9-cu sinifdə informatika təmayüllü liseydə oxumağa başladım. Sevimli Təranə müəllimim evə 100 test verirdisə, mən 400 test edirdim. Yəni sırf riyaziyyatçı, alim olmaq kimi hədəfim yox idi. Sadəcə, yaxşı alınırdı deyə məşğul olurdum. Liseydə artıq proqramçılıq haqqında məndə təsəvvür yarandı. Ona görə də sənədlərimi tətbiqi-riyaziyyat yox, informatika ixtisasına verdim.
Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ
- Lisey dövründə proqramlaşdırma ilə bağlı hansı bacarıqları əldə etmişdiniz?
- Xarici dövlətlərdə məktəb və universitetlərdə informatikanı daha yaxşı tədris edirlər. Onlarla müqayisəyə qalsa, liseydə proqramlaşdırma ilə "Salam əleyküm” tipli bir başlanğıc tanışlığım oldu. Bildim ki, proqramlaşdırma nədir, xırda proqramlar nə cür yazılır və s. Əsas proqramlaşdırmanı BDU-da öyrənməyə başladım. İndi ADA Universitetində dekan olan Araz Yusubov o vaxt BDU-da bizim müəllimimiz idi. O qrupdan bir çox uğur qazanmış uşaqlar çıxıb. Araz müəllim öyrətməsəydi, biz heç birimiz o uğuru qazana bilməyəcəkdik. Həmişə Araz müəllimə deyirik ki, bizə çörəyi siz vermisiniz. Əsas bilikləri birinci kursdan əldə etməyə başladıq.
- İkinci kursdan da işləməyə başlamısınız. Bir ilə artıq işləməyə hazır idiniz?
- Əslində, işləmək bizim üçün o qədər əlçatmaz arzu idi ki, heç bir yerə iş üçün müraciət etməmişdik. O inamı özümüzdə hiss etmirdik. O vaxt universitetdə magistrdə oxuyan Anar adlı bir oğlan var idi. O heç bir qarşılığı olmadan bizə alqoritmlərdən, informatikadan əlavə dərs deyirdi. Bir gün mənə dedi ki, başqa şirkətə işə gedirəm, öz yerimə iki nəfər işçi tapmalıyam. Bir qrup yoldaşımla məni seçdi. Həyəcanlı idik ki, indi bizi sınaq edəcəklər. Amma dedilər ki, artıq gələn həftədən işə başlaya bilərsiniz. Biz şoka düşdük, necə yəni, biz proqramçı kimi işə başlayırıq? Çox sevinmişdik. İlk qazancımız aylıq 50 dollar idi. Gündə bir dönər alsan, bəs etmirdi. Amma o pul bizə çox şirin idi. İkinci kursda may ayından orda işləməyə başladıq. Bir il sonra başqa şirkətə keçdim, 4 il orda işlədim. Sonra başqa bir şirkətə. Ancaq mobil operatorlardan birində çalışmaq hədəfim var idi. Bizim dövrümüzdə Azərbaycanda ən yaxşı proqramlaşdırma komandası həmin şirkətdə idi. 3-4 cəhdimdən sonra qəbul oldum.
"Axırıncı semestrdə artıq pulum qurtardı”
- Amma bir il işləyəndən sonra çıxıb magistr təhsili üçün Almaniyaya getmisiniz.
- Bir iş yoldaşım magistr təhsili üçün Münhenə köçdüyünü dedi. Universitetin tədris proqramını mənə göstərdi. Gördüm ki, çox gözəl fənlərdir. İnformatika, data elmləri, süni intellekt üzrə çox gözəl təhsil verirdilər. Bir anda maraq oyandı, sənədlərimi göndərdim. Bakalavrı fərqlənmə ilə bitirmişdim. Məni ilk turdan qəbul etdilər. Qəbul edirlər, amma sonra gərək İELTS imtahanını verəsən ki, tam qəbul olunmuş sayılasan. İki ay vaxtım qalmışdı. Əlimdən gələni etmək qərarına gəldim. İşdən sonra gecəyə qədər oxuyurdum. İki ay ərzində İELTS-i aldım. Növbəti problem o idi ki, Almaniyada təhsil üçün pulum yox idi. Dövlət təqaüdünə sənədlərimi verdim, o da alındı. Artıq dörd aydan sonra ailəmlə Münhenə köçdük.
- Ailəvi getmək bir tələbə üçün məsuliyyətdir.
- Qohumlar, tanışlardan bəziləri mənə deyirdilər ki, Emin, Bakıdakı yüksək maaşlı işi qoyub hara gedirsən? Orda tələbə olacaqsan, bəlkə heç xoşun gəlməyəcək, oxuya bilmədin, geri qayıtdın və s. Mən yeni ailə qurmuşdum. Dövlət təqaüdü həm mənə, həm də yoldaşıma tam bəs edirdi. Amma Münhenə köçəndən yeddi ay sonra oğlum anadan olacaqdı. Bu dövrdə bizə çətin olacaqdı. Ona görə də var gücümlə oxuyurdum ki, o çətin fənləri artıq iki semestrdə tamamlayım, övladım anadan olandan sonra yoldaşıma kömək edə bilim. Hər şey plan üzrə getdi. Həmin çətin mərhələni övladım olana qədər bitirdim. Ondan sonra yoldaşıma kömək edə-edə diplom işimi yazdım, bəzi imtahanlarım qalmışdı, onları verdim. Bir sözlə, uğurlu alındı.
- Təhsil müddətində işləməyə ehtiyac olmadı?
- Yox, çünki dövlət təqaüdü var idi. Ancaq təqaüd iki il verilirdi. Diplom işini bir az gec başladım, ona görə 3 ay da əlavə qalmalı oldum. Həmin müddət üçün artıq dövlət təqaüdü olmadı. Axırıncı semestrdə artıq pulum qurtardı. Orda çox böyük stress oldu. Pulum qurtarırdı, amma diplom işi qalmışdı. Çıxış yolu olaraq fikirləşdim ki, diplom işimi "Siemens” şirkətində götürüm. Çünki həmin şirkətdə diplom işinin mövzusu "Siemens” tərəfindən verilir və nəticəni də özləri istifadə edirlər. Həm də onlar sənə aylıq 670 avro pul verirlər. Data mining fənni müəllimimiz "Siemens”də işləyirdi. Onun fənnindən sinifdə iki nəfər yüksək nəticə almışdı. Biri mən idim. Dedim ki, mən sizin fəndən ən yüksək nəticə göstərmişəm. İstəyirəm ki, diplom işimi sizin rəhbərliyiniz altında "Siemens”də edim. Razılaşdı və aylıq 670 avro pul mənə kifayət etdi ki, Azərbaycana dönməyim.
- 3 aydan sonra da pul lazım idi. İş tapmağınız necə oldu?
- Diplom işimi bitirəndən sonra cəmi bir aylıq pulum qalmışdı. O bir ayda iş tapmasam, Azərbaycana geri dönməliydim. Hardasa 100-ə yaxın şirkətə iş üçün müraciət etdim. Əksəriyyəti cavab vermirdi. Çünki müraciət çox olur, hamıya cavab vermirlər. Şansımdan iki yer cavab verdi. Müsahibədən keçdim və iş təklifi aldım. Orda da ən çox maaş verən yerə getdim. Orda da beş ay işlədim və sonra Amerika şirkəti "Microsoft”un Danimarka ofisində işə qəbul oldum və Kopenhagenə köçdük.
"Texnoloji cəhətdən mənə çox şey qatmadı”
- "Microsoft” necə bir şirkətdir? Sizə nə qatdı?
- Amerika şirkətləri sənə bütün şəraiti yaradır ki, işinə fokuslanasan, başqa qayğıların olmasın. Ev tapır, əşyalarını köçürür, sənəd işlərini həll edir, övladına bağça, məktəb, yoldaşına dil kursu və s. tapır. Onlar bir işçini tapmağa hardasa 50 min avro xərcləyirlər. Çünki nə qədər insan müsahibəyə gəlir, onlara vaxt ayrılır, işçilər onlarla məşğul olur və s. Ona görə də işçinin üstündə əsirlər ki, qoy hər bir şey qaydasında olsun, uğursuz olmasın. Orda işçiləri çox ələkdən keçirib götürürlər deyə, ətrafına baxırsan - çox ağıllı insanlardır. İşlədiyin hər bir adamdan nəsə öyrənirsən. "Microsoft” ABŞ şirkətləri arasında ən yaxşı iş və istirahət balansı olan yerdir. Səni çox yükləmirlər. Texnoloji tərəfdən bunu deyə bilmərəm, çünki mənim iştirak etdiyim layihə çox köhnə idi. X Sharp proqramlaşdırma dili var idi, ondan istifadə edirdik. O dil başqa yerdə istifadə olunmur. Ona görə də texnoloji cəhətdən mənə çox şey qatdığını deyə bilmərəm.
- Texnoloji cəhətdən sizə çox qatqısı olmadığı üçün oradan tez ayrıldınız?
- Orda işdən çıxmağıma səbəb yoldaşımın depressiyası oldu. Kopenhagenin hava şəraiti çox fərqlidir. Çox küləkli və buludlu yerdir. Evdən çıxıb işə gedəndə əhval-ruhiyyə tam yaxşı olur, amma işə çatanda görürsən ki, tam sıfırlanmısan. Mən bu məsələ ilə bir az baş edirdim. Amma hər gün evə gəlirdim ki, yoldaşım ağlayır. Söz vermişdim ki, Kopenhagen xoşuna gəlməsə, yenidən Almaniyaya qayıdacağıq. Ona görə geri qayıtdıq.
- Yenidən Almaniyada işlərə müraciət etdiniz?
- Həmin ərəfədə qəribə hadisə oldu. Deməli, bir il əvvəl Almaniyada "Amazon”a sənədlərimi vermişdim, amma çağırmırdılar. Həmin həftə, hansı ki, yoldaşım çox israr edirdi, mənə e-mail gəldi ki, siz bir il əvvəl bizə müraciət etmisiniz, uyğun vakansiya var, istəyirsinizsə, müsahibələrə başlayaq. Mən də yoldaşıma belə bir e-mail aldığımı dedim. O da anında bacılarına, qohumlarına xəbər verdi ki, Almaniyaya qayıdırıq. Stressə düşdüm ki, bu hələ e-maildir, mən dörd tur keçməliyəm. Yoldaşıma dedim ki, onda sən uşaqları da götür Bakıya qayıt, mən müsahibəyə hazırlaşım. Bir aylıq atalıq məzuniyyəti götürüb hazırlaşdım. O ərəfədə evdən çölə çıxmırdım. Yatırdım, dururdum, oxuyurdum. Axşam saat 9-10 arası bir saat gəzirdim, qalan vaxt ancaq oxuyurdum. Müsahibədən keçdim və 4 il Berlində "Amazon”da işlədim. "Microsoft”la müqayisədə "Amazon”da texniki cəhətdən çox inkişaf etdim. "Amazon”un mühiti daha aqressivdir, stress çoxdur, amma stress olan yerdə çox şey də öyrənirsən. İşlədiyim layihə çox maraqlı idi. İndiyə qədər də "Amazon”da öyrəndiklərim mənim hər müsahibədə köməyimə çatır.
"Facebook” gəlirləri fantastik qaldırdı deyə…”
- Hər şey yaxşı idisə, 4 il sonra niyə çıxdınız?
- "Amazon”da belə bir şey var - müqavilə imzalayanda qeyd olunur ki, məsələn, dörd il ərzində 60 qiymətli kağız alacaqsan. Birinci il 3, ikinci ildə 9, digər iki ildə isə 24 qiymətli kağız veririk. İlbəil "Amazon”un o qiymətli kağızlarının qiyməti qalxdığına görə, sənin gəlirin də artır. Yəni, gəlirində birinci illə dördüncü il arasında haradasa 70 faiz fərq olur. Amma dörd ildən sonra səninlə yenidən müqavilə imzalayırlar. Bu dəfə o qiymətli kağızların cari dəyəri ilə müqavilə imzalandığına görə gəlirin haradasa 50 faiz aşağı düşür. Ona görə çox adam 4 il sonra "Amazon”dan çıxır, bir il başqa yerdə işləyib yenidən qayıdırlar. Yenidən qayıdanda yeni işçilərə daha yüksək maaş verirlər. Ona görə də çox adam gedir və bumeranq kimi geri qayıdır. Mən də bumeranq etmək istədim. Bir il "Delivery Hero”da işlədim. Sonra elə oldu ki, "Facebook” gəlirləri fantastik qaldırdı. Başqa ABŞ şirkətlərindən ikiqat çox pul təklif edirdi, ona görə də "Facebook”a getməyi qərara aldım.
- İndiki işiniz məsafədən işdir. Niyə məsafədən işi seçdiniz?
- Evdə özüm üçün bir iş otağı ayırmışam. Pandemiyaya görə "Amazon”dakı işin son aylarında və "Delivery Hero”da işləyəndə öz iş otağımdan işləmişəm. Əslində, o şirkətlərdə işim məsafədən deyildi, amma evdən işləyirdim. Ona görə məsafədən iş mənim üçün yeni deyil. Hazırda "Facebook”un Berlin ofisinin əməkdaşıyam, amma London layihələrində çalışacam. Yəni London maaşı alacam (Gülür). London daha bahalı şəhərdir, orda şirkətin maaşları daha yüksəkdir. Şirkət deyir ki, istəyirsənsə, qal, Almaniyadan işlə. Berlin daha ucuzdur. Berlində qalanda qırağa daha çox pul atmaq olur (Gülür). Ona görə məsafədən işləməyə qərar verdim.
- Planlı birisiniz, deyəsən.
- Çox uzun müddətə plan qurmuram. Maksimum il yarımın planını quraram. Riski minimallaşdırıram və heç vaxt risk etmirəm.
- İl yarım üçün planınız nədir?
- "Facebook”da 4 il işləməyi fikirləşirəm. Çünki baş proqramçı vəzifəsidir. Burda daha çox şey öyrənə bilərəm. Üzərimdə daha böyük məsuliyyət olacaq. İlk dörd ilin də gəliri məlumdur deyə, çox ürəyimcədir. Dörd ildən sonra 39-40 yaşım olacaq. O vaxt yəqin ki, indiki enerjidə olmayacam. Ona görə istəyirəm ki, son dörd ilimi yüksək tempdə keçirim, çox şey öyrənim. Dörd ildən sonra, çox güman ki, qohumlarımla birlikdə özümüz startap edərik. Onlar da proqramçıdırlar, müxtəlif beynəlxalq şirkətlərdə çalışırlar. Ya da ola bilər ki, daha yüngül, sakit, stressiz Avropa şirkətlərindən birinə keçim.
- Sizcə, 40 yaşdan sonra proqramçı olaraq çalışmaq çətindir?
- Bir dəfə iranlı bir menecerimdən soruşdum ki, sən burda məndən çox işləmisən. Nəyə görə 40-50 yaşında proqramçı yoxdur? Dedi ki, o yaşlarında insan Amerika şirkətlərinin stresslərinə davamlı olmur. Ona görə də onlar daha rahat işə keçirlər. Düzdür, ödənişi daha az olur, amma həyatını daha gözəl yaşayır. O yaşa qədər artıq özü üçün müəyyən bir məbləğ yığır, onu harasa yatırım edir, əlavə gəliri olur və istəmir ki, o yüksək stressdə işləsin.
- Böyük şirkətlərdə stressi verən nədir?
- Bir neçə faktor var. Birincisi, böyük şirkətlərdə bir növ sürü psixologiyası var. Əgər sənin qrupunda 10 nəfər adam çalışırsa, 10 balla həmin əməkdaşlar qiymətləndirilir. Deyək ki, 10 adamdan 9-u 10 bal, bir nəfəri 9 bal üzrə işləyir. Əslində, 9 özü də yaxşı nəticədir. Amma onlar 9 balı olanı işdən çıxaracaqlar. Hər ilin sonu bizim komandadan bir-iki nəfər işdən çıxırdı. Cüzi geri qalanı həmişə işdən atırlar. "Amazon”un planı var ki, ildə altı faiz işçini işdən çıxarmaq lazımdır. Birinci stress işdən atılma qorxusudur. İkinci stress odur ki, ayda bir həftə sən növbətçi qalırsan. Sənin yazdığın proqramlar 24 saat işləyir. Nəsə bir problem çıxan kimi avtomatik nəzarət sistemindən sənə zəng gəlir. Gecə saat 3-4-dü, yuxudan oyanırsan, 15 dəqiqə ərzində kompüter başında olmalısan. Ən azı, problemin səbəblərini tapmalı və növbəti saatlar ərzində onları həll etməlisən. Onu həll etməmiş yata bilməzsən.
Aygün Asimqızı