Dünən ABŞ-da tikinti sektoruna dair statistik məlumatların proqnozların altında açıqlanması fonunda, dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.0853, 1.2685 və 150.405 səviyyələrində ticarət olunurlar. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 103.73 bənd təşkil edir.
Dolların ucuzlaşması fonunda qızıl öz mövqelərini möhkəmləndirir. Ötən gün 2025$ həddinə qədər ucuzlaşan dəyərli metal, bugün bir qədər bahalaşaraq, səhər saatlarında artıq 2034$ səviyyəsində ticarət olunurdu. Dolların təzyiq altında qalmağa davam etməsi, qızılın 2051$ və 2061$ hədlərinə kimi bahalaşa bilməsi ehtimallarını artırır.
“Brent” markalı neft ötən həftəni 81.40$ səviyyəsində bağlasa da, dünən dəyəri kəskin bahalaşaraq gün ərzində 83.10$ həddinə qədər yüksəlib. Hal-hazırda qara qızılın qiyməti 82.60$ səviyyəsindədir. Çərşənbə günü ABŞ-da dərc olunacaq kommersiya məqsədli neft ehtiyatlarına dair göstəricilərin neftin qiymətlərinə yön verəcəyi proqnozlaşdırılır.
Bügün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da dərc olunacaq CB İstehlakçı Güvəni İndeksi (The Conference Board) investorların maraqla gözlədikləri xəbərlərdən biridir. Həmçinin Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Məhsullar üzrə Sifarişlərin Sayı da birjalarda qiymətlərin formalaşmasına təsir edə bilər.
Məlumat InvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.