Qızıl, gümüş və platin qiymətli metalların qiymətlərində ilin sonu tarixi artımını davam edir. Dünyada geosiyasi gərginliyin artması və dolların zəifləməsi fonunda qızıl və gümüşün qiyməti yenidən rekord həddə yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, birjalarda qızılın unsiyası 1,6 faiz artaraq 4 540 dolları, gümüş isə 7,6% artaraq 77 dolları keçib.
Nəticədə ABŞ dollarının zəifləməsi və bazar likvidliyinin azalması ilə qızıl və gümüş bütün zamanların ən yüksək səviyyələrinə çatıb.
Platin də son həftələrdə güclü artım göstərərək təkcə bu ay 40%-dən çox artıb. Bloomberg-in 1987-ci ildə məlumat toplamağa başladığı vaxtdan bəri ilk dəfə olaraq platinin unsiyası 2400 dolları keçib.
ABŞ-ın neft tankerlərini blokadaya alması və Nikolas Maduro hökumətinə artan təzyiq nəticəsində yaranan Venesueladakı gərginlik, qiymətli metallarda təhlükəsiz sığınacaq aktivlərinə tələbatı artırıb. Bu tələbi, ABŞ-ın Afrika ölkəsi hökuməti ilə əməkdaşlıqda Nigeriyada İŞİD-ə qarşı hərbi hücum başlaması da artırıb.
"Geosiyasi gərginliyin güclənməsi qızıl və gümüş kimi təhlükəsiz aktivlərə tələbatı dəstəkləməyə davam etdi", - deyə Sky Links Capital Group-un baş direktoru Daniel Takieddine bildirib.
Digər tərəfdən, Bloomberg Spot Dollar İndeksi bu həftə 0,7% düşərək iyun ayından bəri ən pis həftəlik göstəricisini qeydə alıb.











