"Fitch" beynəlxalq reytinq agentliyi bu gün "Petkim Holding"in 2023-cü ildə tədavül müddəti bitən emissiya həcmi 500 mln. dollar, gəlirliyi illik 5,875% olan istiqraz emissiyasının reytinqinin son variantını "B/RR4" səviyyəsində təsdiq edib.
Agentlik reytinqin "Petkim Holding"in - emitentin defolt reytinqi ilə üst-üstə düşdüyünü açıqlayıb. "Fitch" aktivlərin yüksək səviyyədə investisiyası və Türkiyənin inkişaf edən kimya sektorunda möhkəm mövqeyi səbəbindən "Petkim Holding"in reytinqinin dəstəkləndiyini bildirib.
2018-ci ildə STAR neft emalı zavodunun işə düşməsi "Petkim Holding"in xərclərinin strukturunu yaxşılaşdıracaq və hər hansı mənfi konyunktur yaranacağı təqdirdə Holdinq onun öhdəsindən gələ biləcək. Bununla yanaşı, şirkət sərbəst vəsait axınını təmin edərək 2018-ci ildən sonra borc yükünü azaldacaq.
Agentlik "Petkim Holding"in istehsal etdiyi məhsulların 64%-nin daxili bazarda, qalan 36%-nin isə, əsasən, Avropa bazarında satıldığını bildirib. Bununla yanaşı, Türkiyənin kimya məhsullarına tələbatının 2012-2016-cı illərdə orta hesabla 6,6% artdığını, 2016-2023-cü illərdə isə bu göstəricinin 7% olacağını qeyd edib. "Petkim Holding"in bu proqnozlar fonunda istehsal gücünü artıracağını və əlavə gücün 2018-2019-cu illərdə işə düşəcəyini bildirib.
"Petkim Holding"in STAR neft emalı zavodunun işə düşməsindən sonra logistika xərclərini azaldaraq ildə 70 mln. dollara qənaət edəcəyi qeyd olunur.
Holdinqin istiqraz emissiyasından əldə olunan vəsaitlə STAR zavodunun səhmlərinin 18%-ni alacağı bildirilir.