Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasında ticarət sessiyası ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının bloklanması və Pakistan ərazisində İranla aparılan danışıqların nəticəsiz qalması barədə açıqlamalarından sonra kotirovkaların enməsi ilə başlayıb. Bunu ticarət sessiyasının məlumatları göstərir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin dinamikasını əks etdirən əsas Nikkei 225 indeksi 1,1% azalaraq 56 299,51 bəndə düşüb.
Yerli analitiklərin sözlərinə görə, danışıqlar prosesində yaranmış dalan vəziyyəti investorların pessimist əhval-ruhiyyəsinə səbəb olub. Ticarət iştirakçıları həmçinin enerji resurslarının tədarükündə mümkün fasilələrdən və Hörmüz boğazının blokadası fonunda İran neftinin ixracının (gündəlik təxminən 1,8 milyon barel həcmində qiymətləndirilir) azalması nəticəsində yanacaq bazarındakı vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edirlər.
11 aprel tarixində İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə parlamentin spikeri Mohammad Baqer Halibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtondan bildirilib ki, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli tənzimlənməsi ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti mümkün danışıqlar raundunun detalları isə hələlik məlum deyil.
12 aprel tarixində ABŞ lideri Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin və digər ölkələrin Hörmüz boğazının blokadasına başladığını bəyan edib.














