“MJ Finance Bank Olmayan Kredit Təşkilatı” ASC kapital bazarından yeni vəsait cəlb etməyə hazırlaşır. Şirkət ümumi nominal dəyəri 6 milyon manat olan istiqrazların baza emissiyasını həyata keçirməyi planlaşdırır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, emissiya prospektinə əsasən, “MJ Finance” hər birinin nominal dəyəri 100 manat olan 60 min ədəd istiqraz buraxacaq.
Yeni istiqrazların illik faiz dərəcəsi 16%, tədavül müddəti isə 18 ay müəyyən edilib. Faiz ödənişləri hər ay həyata keçiriləcək. Bu hesabla 100 manatlıq istiqraz üzrə aylıq kupon ödənişi 1,33 manat təşkil edəcək. İstiqrazın 100 manatlıq nominal dəyəri isə 18 aylıq tədavül müddətinin sonunda son faiz ödənişi ilə birlikdə investora qaytarılacaq.
Beləliklə, 100 manatlıq bir istiqrazı müddətin sonunadək saxlayan investor 18 ay ərzində nominal hesablamaya görə təxminən 24 manat faiz gəliri əldə edir. Bütün 6 milyon manatlıq proqram tam yerləşdirilərsə, 18 ay ərzində istiqrazlar üzrə hesablanan ümumi faiz yükü təxminən 1,44 milyon manat edə bilər.
6 milyon manat birdəfəlik bazara çıxarılmayacaq
Emissiya prospektinə əsasən, yeni buraxılacaq 60 min istiqraz 1 il ərzində tranşlarla (hissə-hissə) yerləşdiriləcək. Hazırda “MJ Finance”in dövriyyədə hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd, yəni 2 milyon manatlıq istiqrazı var.
Şirkət əvvəllər də istiqraz buraxıb, amma 2022-ci ildə və 2026-cı ilin iyulunda buraxılan istiqrazların həcmi 2 milyon manatı keçməmişdi. Bu dəfə isə “MJ Finance” daha böyük vəsait cəlb edəcək. BOKT bu vəsaitləri mikrokredit ayırmaq üçün istifadə edəcək.
İstiqraz buraxılışının anderrayteri “Troni” şirkətidir
“MJ Finance” istiqrazları buraxılışında diqqətçəkən tərəflərindən biri də prosesə “Troni İnvestisiya Şirkəti” QSC-nin cəlb edilməsidir.
Prospektə əsasən, emissiyanın əsas anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, digər anderrayteri isə “Troni İnvestisiya Şirkəti” QSC olacaq.
Anderrayterlər yerləşdirmə müddətində investorların sifarişlərini uçota alaraq Bakı Fond Birjasının ticarət sisteminə daxil edəcək və istiqrazların BFB vasitəsilə yerləşdirilməsini həyata keçirəcəklər.
Yeri gəlmişkən, «Troni» hazırda Azərbaycanın qiymətli kağızlar bazarında ən aktiv oyunçulardandır. Belə ki, "TRONİ" şirkəti Bakı Fond Birjasının ən aktiv üzvləri sırasında ilk üçlükdə qərarlaşıb.
Yanvar-avqust aylarını əhatə edən dövrdə «Troni» broker olaraq 6 412 əqd bağlayıb. Eyni zamanda şirkət meyker qismində 5 768 əqd həyata keçirilib.
“MJ Finance” niyə borclanır?
Qeyd edək ki, “MJ Finance” 2019-cu ildə yaradılıb və Mərkəzi Bankın BKT-32 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Şirkətin əsas müştəriləri yerli fərdi sahibkarlar və fiziki şəxslərdir. Təşkilatın 83 nəfər işçisi var. Şirkətin səhmlərinin 70%-i Camal İsax oğlu Aydınova, 30%-i Mədəd Nadir oğlu Rüstəmova məxsusdur.
Şirkət istiqraz emissiyasının səbəbini də açıqlayıb
Prospektə görə, kredit məhsullarına tələbin artması fonunda “MJ Finance” istiqraz buraxmaqla daha sərfəli şərtlərlə maliyyə resursu cəlb etməyi, əhalinin kredit tələbatını qarşılamağı və bazardakı mövqeyini qoruyub genişləndirməyi planlaşdırır.
Şirkət özü də maliyyələşmə strategiyasının dəyişdiyini bildirir. Əvvəllər kredit üçün vəsait əldə etmək üçün yalnız bank kreditləri alınırdı. İndi isə bank kredit xətləri ilə yanaşı, fond bazarında istiqraz buraxılışlarından da istifadə olunacaq.
“MJ Finance”in aktivləri bir ildə 49% böyüyüb
İnvestorlar üçün maraqlı məqam, istiqraz sahibinin maliyyə vəziyyətidir. Rəqəmlər göstərir ki, son 3 ildə “MJ Finance”in maliyyə göstəriciləri artmaqdadır.
“MJ Finance”in aktivləri 2023-cü ilin sonunda 12,95 milyon manat, 2024-cü ilin sonunda 14,79 milyon manat, 2025-ci ilin sonunda isə 21,97 milyon manat təşkil edib. Beləliklə, aktivlər 2025-ci ildə təxminən 48,6%, iki il ərzində isə təxminən 69,6% artıb.
Kapitalda artım daha sürətli olub. Cəmi kapital 2023-cü ildə 3,87 milyon manat, 2024-cü ildə 7,37 milyon manat, 2025-ci ildə isə 13,33 milyon manat təşkil edib. Başqa sözlə, iki ildə 3,4 dəfədən çox böyüyüb.
Əsas göstəricilərdən biri - kredit portfeli 18,1 milyon manata çatıb
“MJ Finance”in əsas biznesinin genişlənməsi kredit portfelinin dinamikasında daha aydın görünür. Şirkətin kredit portfeli 2023-cü ildə 12,7 milyon manat, 2024-cü ildə 16,1 milyon manat, 2025-ci ildə isə 18,1 milyon manat olub. İllik artım templəri müvafiq olaraq 7%, 26% və 13% göstərilib.
Problemli kreditlərin payı da kəskin artıb
Maliyyə göstəricilərində böyümə ilə yanaşı, prospektdə investor üçün diqqət tələb edən ciddi bir dinamika da görünür.
30 gündən artıq gecikmiş kreditlərin – PAR>30 – portfeldə payı yüksəlib.
2023-cü ildə 30 gündən artıq gecikmiş kreditlərin məbləği 602 min manat və ya kredit portfelinin 4,7%-i idi. 2024-cü ildə bu rəqəm 3 milyon manata, pay isə 18,8%-ə yüksəlib. 2025-ci ildə problemli kreditlər 4,1 milyon manata çatıb və ümumi portfelin 22,4%-ni təşkil edib. Bu, üç il ərzində gecikmiş kreditlərin payının təxminən 4,7 dəfə artması deməkdir.
Bununla belə, şirkət riskin böyük hissəsinin girovlarla örtüldüyünü bildirir.
Gəlirlər artır, mənfəət isə azalıb
Şirkətin gəlir göstəricilərində fərqli dinamika var. Xalis faiz gəlirləri 2023-cü ildə 3,95 milyon manat, 2024-cü ildə 8,61 milyon manat, 2025-ci ildə isə 9 milyon manat təşkil edib. Beləliklə, iki ildə xalis faiz gəlirləri 2,3 dəfəyə yaxın artıb.
Lakin mənfəətdə dinamika fərqli olub. İl üzrə məcmu gəlir də 4,26 milyon manatdan 3,47 milyon manata düşüb – azalma təxminən 18,6% təşkil edib.
Yeni istiqrazın əsas göstəriciləri
|
Göstərici |
Şərt |
|
Emissiyanın maksimum həcmi |
6 000 000 AZN |
|
İstiqrazların sayı |
60 000 ədəd |
|
Nominal |
100 AZN |
|
İllik faiz |
16% |
|
Müddət |
18 ay |
|
Kupon ödənişi |
Hər ay |
|
1 istiqraz üzrə aylıq kupon |
1,33 AZN |
|
Valyuta |
AZN |
|
Təminat |
Yoxdur |
|
Yerləşdirmə |
1 il ərzində tranşlarla |
|
Əsas anderrayter |
ABB-İnvest |
|
Anderrayter |
Troni İnvestisiya Şirkəti |
|
Ticarət meydançası |
Bakı Fond Birjası |







![«MJ Finance» BOKT 6 milyon manatlıq istiqraz buraxır – [red]Emissiyanın anderrayteri «Troni»dir - RƏQƏMLƏR, QRAFİK[/red] | FED.az](/upload/news/small/2007947.png)
![«MJ Finance» BOKT 6 milyon manatlıq istiqraz buraxır – [red]Emissiyanın anderrayteri «Troni»dir - RƏQƏMLƏR, QRAFİK[/red] | FED.az](/upload/news/small/680273.png)







