İyulun 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105020942 ISIN-li, 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən FED.az-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95.4086 AZN (7 faiz) və 99.1530 AZN (4.95 faiz) olan 23 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.2230 AZN (5.4498 faiz), orta ölçülmüş qiyməti isə 98.7944 AZN (5.142 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 78 milyon 843 min 600 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manat olub. Hərrac iştirakçıları iyulun 20-dək (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazlar 2024-cü il iyulun 16-da ödəniləcək. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.