ABŞ-ın 10 illik istiqrazlarının faizi 2,7141%-ə yüksələrək son 4 ilin maksimal səviyyəsinə çatıb. “Bloomberg” xəbər verir ki, faizlərin artması dolların qlobal valyuta bazarında möhkəmlənməsinə səbəb olub.
ECB rəhbəri Mario Draginin açıqlamalarından sonra dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi ötən həftə 1,25 USD/EUR səviyyəsinə yüksəldikdən sonra hazırda 1,2375 səviyyəsinə geriləyib. Tokioda yerləşən “CIBC World Markets” maliyyə qrupunun rəhbəri Ko Haruki bildirib ki, ABŞ-ın uzunmüddətli istiqrazlarının faizindəki artım dollara tələbi artırır.
Eyni zamanda USD/EUR məzənnəsi son 1 ayda sürətlə yüksəldiyi üçün bir qədər geriləyə bilər: “Məzənnənin 2018-ci il üçün maksimal səviyyəsi isə 1,26-1,27 USD/EUR diapazonunda olması ehtimal edilir. FED-in bu il uçot dərəcəsini ən azı 3 dəfə artırması diqqətə alınaraq dolların ikinci yarımillikdən möhkəmlənəcəyi proqnozlaşdırılır”.