Qlobal bazarda "Bitcoin"in (BTC) qiymətinin 10 min dollar hədiini ötməsinin səbəbi investorlardan birinin 9-12 fevral tarixləri arasında orta qiyməti təxminən 8 330 dollar olmaqla 344 mln. dollarlıq, yəni 41 294 BTC alması faktı olub.
"Bitinfocharts" kriptovalyuta informasiya agentliyinin məlumatına görə, hazırda bu investorun 900 mln. dollar dəyərində 96 651 BTC-i var. "Stockboardasset" kritovalyuta bazarı saytının məlumatına görə, hazırda bu investor BTC sayına görə 3-cü yerdə qərarlaşıb. İlk sıranı 167 203 BTC (1,56 mlrd. dollar), ikinci sıranı 161 340 BTC (1,5 mlrd. dollar) olan investorlar tutur.
Qeyd edək ki, hazırda BTC-nin qiyməti 9 850 dollar təşkil edir.
Xatırladaq ki, ötən gecə "Bitcoin"in qiyməti 2 həftəlik fasilədən sonra yenidən 10 min dollar həddini keçib. Fevralın 1-də 10 min dollara satılan bitkoin daha sonra, fevralın 6-da 6 min dollara qədər gerilədikdən sonra yenidən bahalaşmağa başlayıb. Başqa sözlə, son 10 gündə bitkoin 70%-ə yaxın bahalaşıb.
Bitkoinin qiymətinin artması kriptovalyuta bazarının məcmu kapitallaşmasının da 480 mlrd. dollara qədər yüksəlməsinə səbəb olub. Qeyd edək ki, fevralın 6-da bazarın kapitallaşması 280 mlrd. dollara qədər geriləyib. Bu, yanvarın 8-də müşahidə olunan 832 mlrd. dollarlıq tarixi rekord səviyyədən 3 dəfə aşağı səviyyədir.
Hazırda bitkoinin kriptovalyuta bazarında kapitallaşmasına görə xüsusi çəkisi 35,6% təşkil edir. Qlobal bazarda 1 541 kriptovalyuta, 8 894 birja fəaliyyət göstərir.