ABŞ fond birjalarında fevralın 5-də yaşanan kəskin satış dünya kapital bazarına sıçrayıb. Nəticədə fond birjalarındakı satış səbəbindən səhmlərin məcmu dəyəri 4 trln. dollar azalıb.
FED.az "Habertürk" saytına istinadən xəbər verir ki, VIX volatillik indeksi də 2015-ci ilin avqust ayından sonra ilk dəfə 50 bənd səviyyəsini ötüb.
Analitiklər ABŞ fond birjalarında baş verən kəskin azalmaya 5 əsas səbəb göstəriblər:
1) ABŞ-da inflyasiyanın sürətlənməsi;
2) 2018-ci ildə FED-in 4 dəfə faiz artırması ehtimallarının güclənməsi;
3) ABŞ fond birjası indekslərinin 2009-cu ildən etibarən 4 dəfəyə yaxın artması səbəbindən gözlənilən satış;
4) Satışın başlamasından sonra robot proqramlarının işə düşməsi nəticəsində satışın daha da sürətlənməsi;
5) Sürü psixologiyası ilə satışın geniş investor təbəqəsinə yayılması.
"Report"un analitik qrupu tədricən yumşaq şəkildə fond birjalarında səhmlərin ucuzlaşacağını, faizlərin artması ilə investorların istiqraz bazarına yönələrək uzun müddət orada cəmləşəcəyini proqnozlaşdırır.