Azərbaycanda “Kriptovalyuta ticarətinin tənzimlənməsi” qanun layihəsinin hazırlanması üçün İşçi qrupu yaradılıb.
FED.az xəbər verir ki, bu, ölkəmizdə kriptovalyutalar barəsində ilk qanun olacaq.
İşçi qrupuna Azərbaycan prezidentinin iqtisadi siyasət və istehsalat məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi Fərəh Məmmədova rəhbərlik edəcək.
Qrupun tərkibinə maliyyə və telekommunikasiya sahələri üzrə mütəxəssislər də daxil olacaqlar. Yaradılmış qrup digər ölkələrin kriptovalyuta istifadəsi təcrübələrini analiz etməli və onları Azərbaycan şərtlərinə və reallıqlarına uyğunlaşdırmalıdır.
Xatırladaq ki, ötən ilin sonunda Mərkəzi Bank blokçeyn texnologiyalarının (mərkəzləşdirilməmiş kriptovalyutalarla hesabalaşmalar aparmağa imkan verən sistemdir) tətbiqi üzrə beynəlxalq prosesləri izlədiyini açıqlamışdı. Hətta bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılmasını nəzərdə tutan pilot layihənin reallaşmasını təmin edəcəyini bəyan etmişdi. Bu da ilk vaxtlarda kriptovalyutalarla əməliyyatlara konservativ yanaşan MB-nin 2018-ci ildə maliyyə bazarının qapısını onların üzünə açacağından xəbər verirdi.
Məqsəd bazarı öyrənməkdir
Millət vəkili Vahid Əhmədov Oxu.Az-a açıqlamasında bildirdi ki, İşçi qrupunun məqsədi kriptovalyuta bazarını araşdırmaq, vəziyyəti öyrənməkdir:
“MDB dövlətlərində də kriptovalyuta bazarının araşdırılması istiqamətində müəyyən adımlar atılır. Azərbaycanda İşçi qrupunun yaradılması bu prosesin bir hissəsidir”.
V.Əhmədov kriptovalyuta bazarının dayanıqlı olmadığı qənaətindədir:
“Virtual valyutaların arxasında dayanıqlı əmsal görmürəm. Bazarın inkişaf edib-etməyəcəyini zaman göstərəcək”.
Adının çəkilməsini istəməyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü isə dedi ki, hələlik parlamentə bu yöndə hər hansı qanun layihəsi daxil olmayıb:
“Ümumiyyətlə, bu istiqamətdə təklif yoxdur. Ancaq biz dünyadan təcrid olunmuş vəziyyətdə yaşamırıq. Bu baxımdan, indi olmasa da, yaxın gələcəkdə belə bir qanun layihəsinin gündəmə gətirilməsi, müzakirələrə çıxarılması istisna deyil. Xüsusilə də azad iqtisadi zonalar olan yerdə bu qanunvericilik aktına ehtiyac var”.
Azərbaycanda beş kriptovalyutanın ticarəti aparılacaq
Qeyd edək ki, Azərbaycanda virtual valyutalara maraq heç də az deyil. Ötən ilin sonundan hətta ölkədə “Buroka Technologies” şirkətinin nümayəndəliyi yaradılıb. Bu şirkət Azərbaycanda beş vacib kriptovalyutanın (Bitkoin, Ethereum, Ripple, Dash və Litecoin) ticarətini aparmaq arzusundadır.
Şirkətin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Səbinə Məmmədli bildirib ki, onlar hazırda İşçi qrupunun gələcəyi nəticələri gözləyirlər:
“Bundan sonra bazardakı fəaliyyət istiqamətləri müəyyən ediləcək”.
Məlum olub ki, bu ilin mart ayında Bakıda blokçeyn və kriptovalyuta inkişafı üzrə konfrans keçirilməsi planlaşdırılır.
Ölkədə kriptovalyuta əməliyyatları aparan bəlli bir cəmiyyət formalaşıb
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirir ki, hələlik bu sahənin tənzimlənməsinə vahid bir yanaşma yoxdur:
“Bəzi ölkələr hətta lap irəli gedərək kriptovalyuta üçün pulun əsas funksiyasını – ödəniş vasitəsi olmasını qəbul ediblər. Bəziləri isə tam qadağan ediblər”.
O.Gündüzün sözlərinə görə, Azərbaycanda kriptovalyuta əməliyyatlarında iştirak edənlərin sayı kifayət qədərdir:
“Bəlli bir cəmiyyət formalaşıb. İnsanlar var ki alqı-satqı həyata keçiriblər. Banklarımız da bu prosesdə iştirak edirlər. Qanunverici orqanların qərarlarından asılı olmayaraq, bu proses artıq gedir. Risklər baxımından, eləcə də, dünyada gedən proseslərdən kənarda qalamamaq üçün hökumət bu yöndə qərar qəbul etməlidir”.
Ekspert deyir ki, rəsmi açıqlama olmasa da, hökumət bu istiqamətdə ciddi addımlar atmaq niyyətindədir:
“Yaradılan İşçi qrupu bunu deməyə əsas verir. Sadəcə, qrupa maraqlı tərəflər də cəlb olunmalıdır”.
Qonşuların kriptovalyutalara münasibəti
Nəzərə çatdıraq ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi (Minfin) yanvarın 25-dən etibarən kriptovalyutalar, ICO-lar, mədənçilik və ticarət üçün tənzimləmə sistemini təyin və təşkil edən Rəqəmsal Aktivlər haqqında əsasnamə təqdim edib.
Onu da nəzərə çatdıraq ki, ötən ay Rusiyanın Rostov şəhərindən Türkiyənin Samsun şəhərinə göndərilən üç min ton buğdanın nəqliyyat xərcləri bitkoinlə ödənib.
Belarusun prezidenti Aleksandr Lukaşenko “Rəqəmsal iqtisadiyyatın inkişafı” ilə bağlı dekret imzaladı. Bu sənəd rəsmi şəkildə kriptovalyutaların ticarətinə imkan verir.