Azərbaycanın bank sektorunun aktiv iştirakçılarından olan «Yelo Bank» 2025-ci ildə irəliləyiş və yüksək gəlir göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, cari ilin ilk 9 ayının nəticələrinə əsasən bank böyüməkdə davam edib, gəlirləri artıb, kredit və depozit portfelləri 1 milyard manatı keçib.
Faiz gəlirlərində kəskin artım
Hesabat dövründə bankın faiz gəlirləri 130,8 milyon manata yüksəlib ki, bu da ötən ilin eyni göstəricisindən 18 milyon manat artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi – 122 milyon manatı kredit portfelindən daxil olub. Portfelin gəlirliyi ötən illə müayisədə düz 25 milyon manat artıb. Bu artım kredit portfelinin böyüməsi ilə bağlıdır.
Əsas vəsaitləri kreditlərə yönəldib
İlin əvvəlindən «Yelo Bank» digər sahələrə, o cümlədən banklar və digər maliyyə institutlarındakı depozitlərə yatırılan məbləğin böyük hissəsini geri çəkərək kreditlərə yönəldib. Nəticədə kreditlərdən gəlirlər artdığı halda, depozitlərdən gəlirlər təqribən 2 dəfə azalaraq 6,6 milyon manata enib.
Digər mənbələrdən gəlirlər elə də dəyişməyib – qiymətli kağızlardan 295 min manat, digər banklara verilən kreditlərdən 881 min manat gəlir daxil olub. Yeri gəlmişkən, QK-dan gəlirlərin qarşıdakı dövrdə artması gözlənilir, çünki «Yelo Bank»ın bu sahəyə yatırımları 2 dəfə artaraq 10,4 milyon manatı keçib.
Bankdakı əmanət sahiblərinə 47 milyon manan ödənilib
Hesabat dövründə «Yelo Bank»ın faiz xərcləri də artıb – faiz xərclğəri 8 milyon manat və ya 20% artaraq 47 milyon manatı keçib. Artımın səbəbi bankdakı depozit sahiblərinə faiz ödənişlərinin ötənilki 35 milyon manatdan bu il 44 milyon manata yüksəlməsidir. «Yelo Bank»ın bundan əlavə ciddi faiz ödənişləri yoxdur – başqa mənbələrdən cəlb edilmiş kreditlər üzrə 9 ayda təqriən 3 milyon manat faiz ödənişi olub ki, bu da əvvəlki ildən təqribən 10% və ya 200 min manat azdır.
Xalis faiz gəlirləri 10 milyon manat artıb
Nəticədə 9 ayının yekununda «Yelo Bank»ın xalis faiz gəliri 10 milyon manat artaraq 80 milyon manatı keçib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri isə təqribən 12 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə 11 milyon manat azalma var. Bankdakı qeyri-faiz gəlirlərinin 8,4 milyon manatı müştərilərlə əməliyyatlardan alınan haqq və komissiyaların, 2,9 milyon manatı isə xarici valyuta ilə əməliyyatların payına düşüb.
2025-ci ilin ilk 9 ayında bankın qeyri-faiz xərcləri demək olar dəyişməyib – 64,7 milyon manat. Bunun 33,5 milyon manatı əmək haqlarının, 6,5 milyon manat isə inzibati xərclərin payına düşüb.
9 ayda 24 milyon manat xalis mənfəət
Nəticədə bankın əməliyyat mənfəəti 27,8 milyon manat təşkil edib. Əvvəlki dövrlərdən ehtiyatlara ayrılan 610 min manat da bunun üzərinə əlavə edildikdə vergidən əvvəlki mənfəət 28,4 milyon manat təşkil edib. «Yelo Bank» bundan 3,6 milyon manat vergi ödəyib və 9 ayı 24,8 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bankın aktivləri 1,5 milyard manata yaxınlaşır
2025-ci ildə «Yelo Bank»ın balans hesabatında ciddi artım baş verib. İlk növbədə bank özü sürətlə böyüyüb və aktivləri 1,5 milyard manata yaxınlaşıb. Bankın menecmenti bu vəsaitdən maksimum səmərə ilə istifadə etməyə çalışır – aktivlərin 3-də 2-sindən artıq hissəsi 1,05 milyard manatı müştərilərə verilən kreditlərdədir.
Kredit portfeli ilk dəfə 1 milyard manatdan çoxdur
Yeri gəlmişkən, ilk dəfə olaraq «Yelo bank»ın kredit portfeli 1 milyard manatı keçib.
Daha 300 milyon manat nağd vəsaitlərdə, 10 milyon manat isə qiymətli kağızlarda saxlanılır.
Hesabat dövrünün sonuna «Yelo Bank»ın başqa banklardakı depozitləri təqribən 24 milyon manata çatır, daha 11 milyon manat isə başqa banklara kredit kimi verilib.
Depozit portfeli də 1 milyard manatı keçdi
2025-ci ildə «Yelo Bank»da daha bir göstərici 1 milyard manatı keçib – depozit portfeli 111 milyon manat yüksələrək 1 milyard 39 milyon manata çatıb.
Bundan 879 milyon manatı fiziki şəxslərin, 160 milyon manat isə hüquqi şəxslərin payına düşüb.
Dövrün sonuna bankın cəmi kapitalı isə 25 milyon manat artaraq 168 milyon manatı keçib.