Müştəri - bank münasibətlərində qarşılıqlı inamın formalaşması ilə yanaşı uzunmüddətli əməkdaşlığın təmin edilməsi üçün şəffaflıq prinsipini əsas məqsəd seçən “Expressbank” ASC 2021-ci ili 7.7 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, maliyyə nəticələrinə əsasən, 2021-ci il ərzində bankın aktivlərinin həcmində 12.1% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 351.37 milyon manat təşkil edib. Ötən ilin nəticələrinə görə, Bankın məcmu kapitalının həcmində 2.8% artım olub. Belə ki, hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 120.62 milyon manata çatıb.
“Expressbank” ASC qeyd edilən dövr ərzində faiz və qeyri-faiz gəlirlərini də artırmağa müvəffəq olub. Ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 7.6% artaraq 42.17 milyon manat, qeyri-faiz gəlirləri 4.1% artaraq 13.83 milyon manat təşkil edib. Bankın faiz xərcləri isə 1.9% azalaraq 7.33 milyon manat təşkil edib. Ümumilikdə isə, Bank 2021-ci ili 34.84 milyon manat xalis faiz gəliri ilə başa vurub.
Bankın real sektora, kiçik və orta sahibkarlara təqdim etdiyi istehlak və biznes kreditlərinin həcmində də artım qeydə alınıb. Belə ki, ötən il ilə müqayisədə biznes kreditləri 36.7%, istehlak kreditləri isə 21.2% artıb. 2021-ci ilin sonuna Bankın ümumi kredit portfelinin həcmi 261.44 milyon manat təşkil edib. Eyni zamanda Bankın depozit portfeli ötən il ilə müqayisədə 31.5% artaraq 156.08 milyon manat təşkil edib.
Qeyd etmək istərdik ki, 2021-ci ildə Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək “Expressbank” ASC-ni növbəti dəfə “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib.
Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank” ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.