Teymur Ağakişiyev – bank sahəsində 10 ildən artıq təcrübəsi olan və ödəniş sistemlərinin inkişafında iştirak edən bir insandır. Müsahibəmizi bu gün aktual olan Золотая Корона təcili pul köçürmələri sistemi ilə pulları plastik kartlara köçürmə mövzusundan başlayaraq, biz ümumilikdə bankların gələcəyi mövzusuna keçdik.
ELƏCƏ DƏ BAX: Bankir: “Əsas problemimiz qanunlardakı boşluq və vəkillərdir”
- «Золотая Корона» təcili pul köçürmələri sistemi ilə yeni layihənizdən danışın. Layihənin üstünlükləri nədir?
- Bank sahəsının bu günə olan yeniliklərini nəzərə alaraq, müştərilər daha çox onlayn xidmətlərdən istifadə etməyə üstünlük verirlər. İnternet bankçılıq, mobil əlavələrin populyarlığı artır. Buna görə, layihəmiz lap yerinə düşdü, çünki müştərilərə göndərilən pulları evdən çıxmayaraq, plastik kartlarına almaq imkanı verir. Üstəlik, hər hansısa bir banka bağlı olmursunuz – ölkənin istənilən bankının kartından istifadə etmək olar. Sadəcə pul alan müştərinin telefon nömrəsinə sms vasitəsilə gələn linkə keçid alıb, Золотая Корона mobil əlavəsini yükləyib, ad, soyad və ata adını əlavə etmək lazımdır. Sonra kart barədə məlumatlar əlavə olunur və bank tərəfindən zəruri yoxlanmalar aparıldıqdan sonra, pul kart hesabına oturulur. Adətən bütün proses 2 dəqiqə vaxt aparır. Bu yol ilə əməliyyat aparmaq sürətli, rahat və sadədir.
Hazırlaşdığımız ikinci addım pul göndərişi olacaq – pulu evdən çıxmayaraq, filiala getməyərək, kart vasitəsilə göndərmək mümkün olacaq.
- Bəs belə köçürmə ilə kartdan karta köçürmənin fərqi nədir?
- Bizim ölkənin kartından başqa ölkənin kartına pul köçürmələrində bir sıra məhdudiyyətlər var, üstəlik komissiyalar çox yüksəkdir. Золотая Корона vasitəsi ilə bunu etmək daha sadə və qənaətlidir.
- Gələcəkdə başqa ödəniş sistemləri ilə də belə layihələr gözlənilirmi?
- Mütləq. Hələ ki ad çəkməyəcəyəm, lakin danışıqlar aparılır və belə layihələrin davamı gözlənilir. Ümumiyyətlə, gələcəyin pul köçürmələri belə olacaq.
- Pul köçürmələri əsasən bizim Rusiyada işləyən həmyerlilərimiz tərəfindən Azərbaycanda qalan ailə üzvlərinə, məsələn, regionlarda yaşayan valideynlərinə olunur. Sizcə, belə rəqəmsal həllər yaşlı əhali üçün nə qədər aktualdır?
- Tək regionlarda yox, hətta Bakıda da kartla və təmassız ödənişlərin inkişafı üzərində hələ çox iş görülməlidir. Gəlin qonşu Gürcüstana nəzər yetirək. Hal hazırda onlar dünyada təmassız ödənişlərin inkişafı üzrə liderdirlər. Buna necə nail olublar? Nəqliyyatda təmassız ödəniş tətbiq etdilər. Yəni, hər nəqliyyat növündə ödənişi hər hansı bir plastik kartla etmək olar. Bu üslub Rusiyada da işlənir. Beləcə, əhali kartla ödənişlərə tez öyrəşir. Vərdiş yaranır.
- 20 il bundan öncə plastik kartlar bizim üçün qeyri-adi bir şey idi, indi isə həyatımızı onlarsız təsəvvür edə bilmirik. Sizcə, plastik kartların gələcəyi necədir?
- Plastik kartların gələcəyi barədə danışmaqdan öncə, onların yaranma tarixinə nəzər salaq. İlk plastik kart – təxminən bu gün mövcud olduğu halda 1946-cı ildə yaranıb. İlk kredit kartı isə - 1951-ci ildə. Və bundan sonrakı 60 ildən artıq müddət ərzində kartlarda demək olar ki heç bir dəyişiklik müşahidə olunmayıb. İlk qlobal yenilik 2005-ci ildə, ilk təmassız ödəniş keçirilərkən baş verdi. Təxminən 2011-ci ildən isə kartlar onlayn sistemlərə qatıldılar. Amazon, Starbaks kimi nəhənglər, artıq öz ödəniş sistemlərini yaradırlar, Facebook, What’s App kimi sosial şəbəkələr də eyni. Və bizim öyrəşdiyimiz görünüşdə olan kartlar 5-7 il ərzində keçmişdə qalacaqlar. Kart fiziki mövcud olmayacaq və onlayn vasitəyə çevriləcək. Buna hazır olmaq lazımdır. Bu yaxınlarda mənə bir əhvalat danışdılar – mağazaların birində, kassada ödəniş edərkən, cavan oğlan “saatla ödəniş edə bilərəm?” sualını verib və bununla kassada çalışan xanımı yaman təəcübləndirib. J Söhbət isə Apple Pay sistemindən gedirmiş. Yaxşı ki, ölkəmizdə hökumət tərəfindən müasir ödəniş sistemlərinin tətbiqi və inkişafına güclü dəstək olunur, xüsusilə, Mərkəzi Bank və Maliyyə bazarına nəzarət palatası tərəfindən.
Buna görə, saat, smartfon, hətta qolbaq və üzüklər vasitəsilə ödənişlər artıq bizim gələcəyimiz yox, bu günümüzdür. Gələcəyimiz isə, biometrika ilə bağlı olacaq – barmaq izi, göz torunun əksi və ya səs ilə ödənişlər aparılacaq. Fantastik Hollivud filmlərində gördüklərimiz bizə düşündüyümüzdən daha yaxındır. Bir neçə il əvvəl adi planşeti ekranda görərkən, təəcüblənirdik, yadınızdadır? İndi isə hər evdə var.
Banklar bu gün ümumilikdə informasiya texnologiyalarının, pul köçürmələrinin, və ödəniş sistemlərinin inkişafına daha çox diqqət yetirirlər, bu, gələcəyin tələbidir.
- Bəs Azərbaycanda təmassız kartlar nə qədər yayılıb?
- 2017-ci ilin əvvəlindən Expressbank-ın bütün kartları təmassızdır. Kartı pul kisəsindən çıxartmaya bilərsiniz – sadəcə pul kisəsini POS-terminala yaxınlaşdırmaq kifayətdir.
- Təmassız ödəniş nə dərəcədə təhlükəsizdir?
- Təmassız və təmaslı kartların təhlükəsizlik səviyyəsi eynidir – pin-kod tələb olunmayan ödənişlərdən söhbət gedir. Qanunvericilikdə birdəfəlik təmassız ödənişlərə məhdudiyyət qoyulub – 50 AZN. Bu məbləğdən artıq edilən hər bir ödənişə pin-kod tələb olunur.
- Bəs proqnoz etdiyiniz biometrika – təhlükəsizliyin zamini olacaqmı?
- Təhlükəsizlik sistemləri də inkişaf edir. Məsələn, Cənubi Afrikada biometrik kod ilə çalışan bankomatlar üçün belə bir qoruyucu üslub var: müştəri bankomatdan nağd pul çıxartmaq istəyəndə, ona hədə-qorxu gələrək, qarət etmək istəyirlərsə, o, əvvəlcədən “təhlükə” kimi qeyd olunan barmağın izindən istifadə edə bilər. Bu halda, birincisi, təcili polisə məlumat yollanır. İkincisi, ekranda səhv balans göstərilir – məsələn, cəmi 10 dollar, müştəri pulu çıxardıb, qarətçilərə verir, onlar isə polis tərəfindən tezliklə saxlanılır. Beləcə, cinayətlərin sayı xeyli azaldılıb.
- Bəs pul köçürmələri sistemlərini gələcəkdə nə gözləyir?
- Təcili pul köçürmələri sistemləri 19 əsrin sonundan fəaliyyət göstərir, lakin burada da, plastik kartlar kimi, gələcək smartfon və sosial şəbəkələrin əlindədir. Məsələn, What’s App, vasitəsilə pul köçürmələri etmək mümkün olacaq. Ayrıca “pul köçürmək” düyməsi olacaq. İnstaqram artıq yeni layihəyə başlayıb: 500-dən artıq izləyicisi olan istifadəçi mal əldə edərək, həmin malın şəkilini çəkib, öz səhifəsində yerləşdirərək, ödəniş etmiş olur. Yəni, insan sadəcə mağazaya gəlib, seçim edib, onu öz instaqram səhifəsində yerləşdirir. Və izləyicilərinin sayı 500-dən artıqdırsa, ödəniş avtomatik həyata keçir.
Düşünürəm ki, indiki gənclər qlobal dəyişikliklər edə biləcəklər. Çünki, əyər bizim üçün nağd pul və kartlar hələ də aktualdırsa, onlar üçün artıq hər şey burada cəmləşib (smartfonunu göstərir).
- Nağd pul yoxa çixacaq?
- Yaxın zamanlarda yox. Hətta nağdsız ödənişlərin inkişaf etdiyi ölkələrdə belə hər kəsin cibində az olsa da nağd pul var. Pul sivilizasiyanın təməlini qoyub, və elektron pul nağd pulu tamamilə əvəz edən gün tarixə yazılacaq.