Azərbaycanın ən böyük banklarından olan «Kapitalbank» 2020-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə «Kapitalbank»ın faiz gəlirləri 326,1 milyon manat (11%;artıb) təşkil edib.
Faiz gəlirləri bankın sürətlə böyüyən kreditləri hesabına artıb. Belə ki, ötən ilin bu dövründə «Kapitalbank» krelit faizlərindən 243,7 milyon manat götürmüşdüsə, bu il həmin rəqəm 14% artaraq 277,4 milyon manta yüksəlib.
Bu dövrdə «Kapitalbank»ın faiz xərcləri 23,4% azalaraq 36,9 milyon manata düşüb.
Faiz xərclərinin azalması bankın depozitlər üzrə ödədiyi faizləri aşağı düşməsi ilə bağlıdır (28% azalaraq 32,8 milyon manata enib). Baxmayaraq ki, bu dövrdə depozit portfeli artmışdı. Başqa sözlə depozit faizlərinin aşağı düşməsi bankın faiz xərclərini azaldıb.
Nəticədə ilk 9 ayın nəticəsi olaraq «Kapitalbank»ın xalis faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 17,7% artaraq 289,2 milyon manat olub.
Bu dövrdə bankın qeyri faiz gəlirləri də sürətlə artıb – 36% artaraq 154 milyon manata qalxıb. Belə artım bankın komissiya haqlarının hesabına mümkün olub. Xüsusilə aprel may aylarında bir sıra banklar bağlandıqdan və burada sahibkarların pulu batdıqdan sonra pulunu «Kapitalbank»da saxlayan və əməliyyat aparanların sayı artıb. Nəticədə bankın komisiya gəlirləri 45% artaraq 94 milyon manatdan 137 milyon manata sıçrayıb.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri də 28% və ya 42 milyon manat artaraq 192,3 milyon manata yüksəlib.
Artımın əsas hissəsi əmək haqlarının payına düşüb – ilk 9 ayda «Kapitalbank» öz işçilərinə təqribən 93 milyon manat əmək haqqı ödəyib ki, bu da ötən ildən 19 milyon manat artıqdır.
Bank bu il mümkün zərərlər üçün 41 milyon manat ehtiyat ayırıb, bu əvvəlki ildən 2 qat azdır.
Nəticədə «Kapitalbank»ın vergidən əvvəlki mənfəəti 291,1 milyon manata çatıb. Bu əvvəlki ildən 166 milyon manat və ya 2,3 dəfə artıqdır. İlk 9 ayın nəticələrinə görə, bankın ödədiyi vergi məbləği də 2 dəfə artaraq 26 milyondan 46 milyona yüksəlib.
Bundan sonra «Kapitalbank» 3-cü rübü 245,6 milyon manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki ildən 2,5 dəfə artıqdır. Koronavirus pandemiyası, məhdudiyyət tədbirləri, karantin və iqtisadi tənəzzül dövrü üçün qeyri-adi dərəcədə yüksək göstəricidir.
Bankın mənfəət və gəlirlərindəki irəliləyişlər özünü balans göstəricilərində də göstərib. İlin əvvəlindən etibarən «Kapitalbank»ın aktiıləri 1 milyard manatdan çorx və ya 26% artaraq 5 milyard 40 milyon manatı keçib.
Artımın böyük hissəsi 537 milyon manatı nağd vəsaitlərin hesabınadır. Bu göstərici düz 64% artıb.
Artımın daha 500 milyon manatı isə kreditərin hesabınadır – ilk 9 ayın nəticələrinə görə, «Kapitalbank»ın xalis kredit portfeli 34% artaraq 1,45 milyard manatdan 1,94 milyard manata yüksəlib.
Bu dövrdə bankın öhdəlikləri də 23%-dən çox artaraq 3,6 milyard manatdan 4,4 milyard manata yüksəlib.Depozit portfeli .500 milyon manatdan artıq, yəni təqribən 17% artaraq 3,7 milyard manatı keçib. Bu dövrdə hüquqi şəxslərin depozitləri düz 700 milyon manat (35%) artaraq 2,7 milyard manat təşkil edib.
Fiziki şəxslərin depozitləri 180 milyon manat azalmadan sonra 1,008 milyard manat təşkil edib.
Hesabat dövründə «Kapitalbank»ın kapitalı 190 milyon manat və ya 48% artaraq 582 milyon manata yüksəlib.