Bakıda "Ziraat Bank Azərbaycan"ın baş sponsorluğu ilə "Üçüncü Beynəlxalq Aqro Biznes Forumu" keçirilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Forumda iştirak edən "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Selçuk Dəmir Bankın 2014-cü ildən etibarən Azərbaycanda kənd təsərrüfatı sektorunu və digər sektorları dəstəkləməyə çalışdığını və bu cür təşəbbüslərdə dəstək göstərərək bu günlərə gəlib çatdığını qeyd edib:
"Bu, son dərəcə məsuliyyətli və ölkəmiz üçün mühüm bir forumdur. Çünki qlobal istiləşmənin cəmiyyət və təbiət üzərindəki mənfi təsirləri hiss olunmağa başladığı vaxtdan etibarən belə bir məqam nəzərə alınır ki, dünyanın gələcəyi artıq kənd təsərrüfatı, su və enerjidə cəmlənir. Kənd təsərrüfatı, su və enerji sahələrində gələcək müəyyən edilmədiyi təqdirdə dünyanın gələcəyi də, təəssüf ki, təhlükəli olacaq".
"Kənd təsərrüfatı süfrəmizdəki çörəyimiz, iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyimiz gələcək nəsillərə ötürəcəyimiz ən mühüm məsuliyyətlərimizdən biridir. Bununla bağlı olaraq hər kəsin üzərinə düşən vəzifə çərçivəsində atdığı hər bir addım gələcək üçün atılan çox mühüm toxumlardır. Bu məsələdə burada olaraq məsuliyyət şüuru ilə əməkdaşlığı inkişaf etdirməyə çalışan bütün iştirakçılara bu məsuliyyət hissinə görə ayrıca təşəkkür edirəm", - deyə sədr əlavə edib.













