Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Maliyyə bazarlarında fəaliyyətə lisenziya və icazələrin verilməsi üçün təqdim edilən sənədlərin, o cümlədən səhmdarlar (iştirakçılar) arasındakı münasibətlər və benefisiar mülkiyyətçilər haqqında, habelə vətəndaş qüsursuzluğu haqqında məlumat formaları"nda dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, fiziki və hüquqi şəxs olan təsisçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edirsə, xarici hüquqi təsisatın adı, habelə digər idarəçilər (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisi, xarici hüquqi təsisat benefisiarı (benefisiarlar qrupu), xarici hüquqi təsisat təminatçısı (olduğu təqdirdə), xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxslərin hər biri barədə (onların fiziki və ya hüquqi şəxs olmasına müvafiq olaraq) məlumatlar təqdim edilməlidir.













