AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin İdarə Heyəti sədri v.i.e. Manaf Babayev şirkətin rəhbər heyətinin üzvləri ilə birlikdə Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu çərçivəsində “PostEurop”un Baş katibi Botond Szebeny və təşkilatın İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.
FED.az xəbər veirr ki, görüşdə sürətlə dəyişən qlobal mühitdə poçt operatorlarının dayanıqlılığının qorunması və müştərilərin ehtiyaclarına uyğun xidmətlərin göstərilməsi müzakirə olunub. Fəaliyyətin fasiləsizliyi, transsərhəd ticarət və logistikadakı dəyişikliklər, xidmətlərin əlçatanlığı və iqtisadi səmərəlilik kimi mövzular diqqət mərkəzində olub.
Belə ki, poçt operatorlarının ənənəvi rolunun genişlənməsi bu məsələlərin əhəmiyyətini daha da artırır. Elektron ticarətin sürətli inkişafı, texnoloji yeniliklər, gömrük qaydalarındakı dəyişikliklər və müştəri gözləntilərinin artması poçt sektorunun fəaliyyət modelini əhəmiyyətli dərəcədə dəyişir. Bu proses poçt şəbəkələrinin logistika, maliyyə və rəqəmsal xidmətlər sahələrində imkanlarını genişləndirməsi üçün münbit şərait yaradır.
“Azərpoçt”un transformasiyası şirkətin daxil olduğu rəqəmsal ekosistemin fəaliyyəti ilə sıx əlaqəlidir. Əsas diqqət “Azərpoçt”un ölkə üzrə geniş şəbəkəsinin, müştəri əhatəsinin və mövcud imkanlarının rəqəmsal ekosistemin digər xidmətləri ilə qarşılıqlı əlaqədə inkişafına yönəlir. Bu çərçivədə poçt xidmətlərinin telekommunikasiya, bağlantı və rəqəmsal platformalarla bir-birini tamamlaması nəzərdə tutulur.
Görüşdə beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb. “PostEurop” ilə əməkdaşlığın “Azərpoçt”un əməliyyat dayanıqlılığının gücləndirilməsində, xidmət keyfiyyətinin və əlçatanlığının artırılmasında, eləcə də uzunmüddətli inkişafının təmin olunmasında rolu müzakirə olunub.
Qeyd edək ki, “Azərpoçt”un ev sahibliyi ilə 7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektorun aparıcı təmsilçilərini bir araya gətirib. Tədbirin gündəliyində poçt sektorunun strateji prioritetləri, əməliyyat dayanıqlılığı və xidmətlərin gələcək inkişaf istiqamətləri yer alıb.













