"Azərbaycanda kənd təsərrüfatı sektoruna kreditlərin ayrılması sahəsində uzun illərdir həllini tapmayan struktur problemləri var".
"Azərbaycanda aqrar sektorun inkişafında böyük potensial var" - ATİB SƏDRİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "AmCham Azərbaycan" Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun Sədri Elxan Mikayılov Bakıda keçirilən "Üçüncü Beynəlxalq Aqro Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, ökədə banklar tərəfindən avtomobil və ya mebel sənayesinə tətbiq edilən kredit şərtləri, kənd təsərrüfatı sektoruna da eyni qaydada şamil olunur:
"Lakin aqrar sektorun özünəməxsus xüsusiyyətləri nəzərə alınmadığı üçün təklif edilən maliyyə alətləri yetərincə effektiv olmur.
Kənd təsərrüfatı, xüsusən də bitkiçilik sahəsi mövsümi xarakter daşıyır. Gəlirlər məhsul yığımı dövründə əldə edilsə də, yerli banklar kredit ödənişlərini bərabər aylıq qrafiklə tələb edirlər. Beynəlxalq təcrübə göstərir ki, mövsüm aylarında əsas borc və faiz ödənişləri, qeyri-mövsüm aylarında isə yalnız faiz ödənişlərindən ibarət çevik maliyyələşmə mexanizmləri tətbiq edilməlidir.
Çoxillik əkinlərdə və meyvəçilikdə məhsuldan gəlir götürmək 3-5 il, bəzən daha çox zaman tələb edir. Bankların təqdim etdiyi güzəşt müddətləri (grace period) isə aqrar istehsalın inkişafı üçün kifayət etmir. Fermerlərə daha uzunmüddətli keçid və güzəşt dövrünün verilməsi vacibdir".
Sədr bu sahədə olan digər problemlərə də toxunub:
"Fermerlərin maliyyə savadlılığının, intizamının və dayanıqlığının yetərli səviyyədə olmaması bankların təklif etdiyi alətlərdən tam yararlanmağa imkan vermir.
Kənd təsərrüfatında ən böyük maneələrdən biri daşınmaz əmlak girovunun tələb olunmasıdır. Beynəlxalq təcrübədə uğurla tətbiq olunan alternatif alətlər ölkəmizdə də genişləndirilməlidir. Məsələn əldə edilmiş və ya gələcəkdə əldə olunacaq məhsulun girov kimi qəbul edilməsi, yaranacaq aktivin, tikiləcək emal müəssisəsi və ya istixananın girov təminatı kimi qəbul olunması praktikasından istifadə oluna bilər".













