"Azərbaycan özündə müxtəlif iqlim qurşaqlarını birləşdirir. Ölkəmizin cənubundan şimalına, qərbindən şərqinə qədər hər bir tərəfində fərqli torpaq, hava və su resursları mövcuddur".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Azərbaycan Türkiyə İş Adamları Birliyi”nin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Bakıda keçirilən "Üçüncü Beynəlxalq Aqro Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycanda aqrar sektorun inkişafı üçün böyük potensial var:
"Lakin aqrar sektorun inkişafı dedikdə yalnız əkin-biçin işləri və ya heyvandarlıq nəzərdə tutulmur. Buraya məhsulların düzgün brendləşdirilməsi, brendlərin/markaların tanıdılması, satış zəncirinin qurulması, həmçinin daxili və xarici bazarlara çıxarılması da daxildir".
"Düşünürəm ki, bu forumda Türkiyədən və digər ölkələrdən gələn qonaqlarımızın da dəstəyinə ehtiyacımız olacaq. Çünki tədbir çərçivəsində B2B (biznesdən biznesə) görüşlər keçiriləcək. Bu görüşlər xarici şirkətlərin təcrübəsindən bəhrələnmək və dünyada kənd təsərrüfatı sahəsində baş verən yenilikləri öyrənmək üçün böyük fürsətdir", - deyə o, əlavə edib.













