"Aqrar sahədə olan problemləri həll etmək üçün birinci növbədə fermerlər arasında maarifləndirmə işləri aparılmalıdır".
Bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına açıqlamasında Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov deyib.
Onun sözlərinə görə, xüsusilə də, aqrar sahədən və fermerlərdən danışırıqsa, bu məsələ daha çox aktualdır:
"Fermerlərin müəyyən qanunvericilik aktları barədə məlumatı yoxdur və mənim fikrimcə, ilk növbədə bu istiqamətdə addımlar atılmalıdır".
Direktor bizneslə bağlı qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı “AmCham Azərbaycan”ın bir sıra təkliflər hazırladığını bildirib:
"Hər bir sahə üzrə ayrı-ayrı təklif və yanaşmalarımız var. Biz burada həm subsidiyalar, həm stimullaşdırıcı proqramlar, həm də vergi mexanizmlərinin tənzimlənməsi məsələlərinə toxunuruq. Ümumilikdə, bu istiqamətdə təkliflərimiz kifayət qədər çoxdur".













