Razılaşma yeni çoxfunksiyalı layihənin planlaşdırılması və inkişaf konsepsiyasının hazırlanmasını nəzərdə tutur.
FED.az xəbər verir ki, Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində PMD Group və Chapman Taylor arasında əməkdaşlıq razılaşması imzalanıb.
İclasda iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Tədbir çərçivəsində imzalanan razılaşma PMD Group və Chapman Taylor-un daşınmaz əmlakın inkişafı və şəhərsalma sahəsində birgə fəaliyyətinə zəmin yaradır.
Razılaşmaya əsasən, tərəflər Bakının şimal hissəsində nəzərdə tutulan yeni çoxfunksiyalı layihənin planlaşdırılması və inkişaf konsepsiyasının hazırlanması üzrə əməkdaşlıq edəcəklər. Birgə iş baş planın hazırlanmasını, şəhər dizaynını və müxtəlif funksiyaları birləşdirən məkanların təşkili üzrə vahid yanaşmanın formalaşdırılmasını əhatə edəcək.
Əməkdaşlıq PMD Group-un yerli bazar və daşınmaz əmlakın inkişafı üzrə təcrübəsini Chapman Taylor-un beynəlxalq memarlıq və şəhərsalma yanaşması ilə bir araya gətirir. Tərəflər layihənin yerləşdiyi ərazinin potensialını və gələcək ehtiyaclarını nəzərə alan, şəhər mühiti ilə əlaqəli inkişaf konsepsiyası üzərində çalışacaqlar.
Əməkdaşlığın məqsədi Bakının gələcək inkişafına töhfə verən, həm istifadəçilər, həm də yerləşdiyi ərazi üçün uzunmüddətli dəyər yaradan layihə konsepsiyasının hazırlanmasıdır.





![PMD və Chapman Taylor Bakıda yeni layihə üzrə əməkdaşlıq razılaşması imzalayıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3648599.png)
![PMD və Chapman Taylor Bakıda yeni layihə üzrə əməkdaşlıq razılaşması imzalayıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1399848.png)
![PMD və Chapman Taylor Bakıda yeni layihə üzrə əməkdaşlıq razılaşması imzalayıb - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/930452.jpeg)








