Azərbaycanın ən böyük özəl banklarından biri olan Bank Respublika, 2019-cu ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Bankdan FED.az-a verilən məlumata görə, 1 oktyabr 2019-cu il tarixinə bankın aktivləri 1,3 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39% çoxdur. Bu dövrdə Bankın kredit portfeli 52% artıb.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI - YENİLƏNİR
«Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib ki, kreditlərin böyük hissəsi real sektora yönəlib: «Bütün sahələr üzrə əldə etdiyimiz pozitiv maliyyə göstəriciləri, daha öncə olduğu kimi, üçüncü rübdə də Bankın uğurlu fəaliyyət göstərdiyini təsdiq edir. Biz ölkə iqtisadiyyatının drayveri rolunu oynayan real sektora xüsusi önəm veririk. Təsadüfi deyil ki, Bankın kredit portfelinin 70% -dən çoxu bilavasitə ölkədə sahibkarlığın maliyyələşdirilməsinə yönəldilən kreditlər təşkil edir».
«Gələcək üçün bizim iddialı planlarımız var və mən əminəm ki, yüksək ixtisaslı peşəkar komandamız sayəsində bütün qoyulan hədəflərə müvəffəqiyyətlə nail olacağıq»-deyə bank sədri bildirib.