Yaxin vaxtlarda Azərbaycanda bağlanan bankların əmlakları internet hərraclarda satılacaq.
FED.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) bildirilib.
Fonddan xəbər verilib ki, informasiya texnologiyalarının geniş tətbiqi üzrə fəaliyyət davam etdirilir.
Bu sırada mərkəzləşmiş məlumat informasiya idarəetmə sisteminin yaradılması üzrə hazırlıq işlərini göstərmək olar ki, bu sistem vasitəsilə ƏSF və ləğv prosesində olan bankların əməliyyatlarının vahid mərkəzdən idarə olunmasının təmin edilməsi və məlumatların vahid məlumat bazasında real vaxt rejimində emal olunması planlaşdırılır.
Bundan başqa ləğv prosesində olan bankların balansındakı əmlakların satışı üçün təşkil olunan hərraclara elektron sistem vasitəsilə sənədlərin qəbulu və emalı üçün hazırlıq işləri aparılır ki, gələcəkdə bu sistemin genişlənərək elektron hərrac portalına cevrilməsi nəzərdə tutulur.
ƏSF-nin informasiya texnologiyalarının tətbiqi üzrə daha bir layihəsi fiziki və hüquqi şəxslərin ləğv prosesində olan banklara kredit borcunun hökumət elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilməsindən ibarətdir.