Azərbaycanda banklarda vaxtı keçmiş kreditlərin həcmi azalmaqdadır. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı göstəricilərdən məlum olur.
Palatanın məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında müştərilərə verilən kreditlərin həcmi 13 milyard 342,3 milyon manat təşkil edib. Bu dövrdə kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılmış məqsədli ehtiyatın məbləği 1 milyard 469,8 milyon manat təşkil edib. Nəticədə Xalis kreditlərin həcmi 11 milyard 872,5 milyon manat təşkil edib.
Xatırladaq ki, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar ödənişi 90 gündən artıq gecikən kreditlər üzrə yaradılır və faktiki olaraq kredit portfelinin keyfiyyətinin göstəricisidir. 2019-cu ilin son göstəricilərinə əsasən, məqsədli ehtiyatların ümumi kredit portfelinə nisbəti 11,02% təşkil edib. Bu rəqəm dolayısı ilə bank sektorunda problemli kreditlərin payını göstərir.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə ciddi irəliləyiş baş verib. FED.az xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarının yekununda bankların kredit portfelinin ümumi məbləği 11 milyard 769,6 milyon manat təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1 milyard 687,7 milyon manat, xalis kreditlər 10 milyard 081,9 milyon manat təşkil edib. Məqsədli ehtiyatların kredit portfelinə nisbəti isə 14,34% təşkil edib.
Göründüyü kimi, həm ümumi kredit məbləğinin artması, həm də kredit portfelinin keyfiyyətinin yüksəlməsi nəticəsində bankların müştərilərə verdiyi xalis kreditlərin məbləği 1 milyard 790,6 milyon manat artıb.