Azərbaycan Beynəlxalq Bankı müştərilərin arzularını tamamlayan çoxfunksiyalı “Tamkart” məhsulunu təqdim edib.
Bankdan FED.az-a verilən məlumata görə, təqdimat mərasimində məhsulun üstün xüsusiyyətləri barədə məlumat verilib. “Tamkart”ın əsas özəlliyi onun özündə eyni anda iki kartı – debet və kredit kartlarını birləşdirən dual kart olmasıdır. “Tamkart” sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.
“Tamkart” məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20%-dək çata bilər. Üstəlik, bu özəllik “Tamkartı” təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, “Tamkart” debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.
“Tamkart” əldə etmək istəyən müştərilər 15 oktyabr tarixindən etibarən Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər.
“İnnovativlik, müasir bankçılıq həllərinin tətbiqi, ölkəmizdə nağdsız ödəniş infrastrukturunun inkişafına dəstək bu gün bizim əsas strateji hədəflərimizdəndir. Son dövrlər bu sahədə bir sıra nailiyyətlərimiz olub. “Tamkart” məhsulunu müştərilərimizin istifadəsinə verməyimiz də bu nailiyyətlərin davamıdır. Ümid edirik ki, bu müştəriyönümlü məhsulumuzun üstünlüklərindən hər kəs faydalana biləcək”, - deyə bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.