Gürcüstanın Milli Bankının sabiq prezidenti Giorgi Kadaqadze Avqust müharibəsi zamanı Gürcüstan banklarında yaranan gözlənilməz çətin vəziyyətin aradan qaldırılması məqsədi ilə Azərbaycanla həyata keçirilən əməliyyatın detallarını açıqlayıb.
FED.az xatırladır ki, Gürcstanın milli valyutası olan lari xaricdə, əsasən Avropada çap olunur. İstehsalçı müəssisə pulları Gürcüstana təyyarə ilə daşıyırdı.
Rusiya ilə Gürcüstan arasında müharibə 2008-ci il avqustan 8-12-də baş verib. Rusiya ordusunun hissələri Gürcüstana Rok tuneli ilə daxil olaraq Tbilisiyə gedən avtomobil yolunun üzərində dayandılar və Fransa prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə atəşkəs imzalandı.
Mütəxəssislər bildirir ki, hətta ölkənin şərqində və qərbində baş verən müharibə şəraitində də Gürcüstanın dövlət institutları, bələdiyyələr, polis və banklar fəaliyyətini dayandırmır, normal işləyirdilər. Bundan başqa, silahlı konflikt milli valyutanın məzənnəsinə də təsir etməmişdi.
Hazırda İlya adına Dövlət Universitetinin biznes məktəbinin professoru olan Qeorqiy Kadaqadze 10 avqust 2008-ci il tarixində iki ölkə arasında gecə həyata keçirilən ortaq əməliyyatın Gürcüstanın maliyyə stabilliyi üçün son dərəcə uğurlu nəticələr gətirdiyini bildirib.
«Avqust müharibəsində təbii reaksiya kimi vətəndaşlar kütləvi şəkildə banklardakı depozitlərini götürməyə başladılar. Amma hamının birdən pulunu çıxarması banklarda pul çatışmazlığına səbəb oldu. Nəticədə qısa müddətdə böyük valyuta qıtlığı ilə üz-üzə qalan kommersiya bankları Milli Bankın köməyini gözləyirdilər. Biz bankların tələbatını ödəmək və onları pulla təmin etmək üçün xaricdən vəsait sifariş etdik. Söhbət 300 milyon dollardan gedirdi».
Təbii ki, Milli Bank olaraq biz kommersiya banklarına bizim valyutamızın az olması barədə heç nə demədik. Onlara əlimizdə kifayət qədər banknot olduğunu və sabah səhər pul götürə biləcəklərini və ictimaiyyətin təşvişinin yatırılması üçün tələb olunan bütün pulları vermələrini dedik.
Amma axşam gözlənilməyən problem yaranıb, məlum olub ki, pul daşıyan təyyarələr Gürcüstana enə bilməyəcək: «Axşam saat 9-da fors major elan edildi. Məlum oldu ki, Gürcüstanın hava məkanı mülki uçuşlar üçün bağlanıb və pul gətirən şirkət elan edib ki, təyyarəni Tbilisiyə endirə bilməyəcək».
Nəticədə təyyarə Bakıya enib və buradan pullar Gürcüstana avtomobillə daşınıb: «Nəticədə biz təyyarəni Bakıya endirməli olduq və bu əməliyyatı qardaş Azərbaycanın köməyi ilə apardıq».
Sabiq bank rəhbəri bildirib ki, pulları götürmək üçün Bakıya iki inkassator avtomobili göndəriblər: «Biz inkassator avtomobilinə bir etibarlı adam əyəşdirdik. Ona xüsusi telefon verdik və tapşırdıq ki, yalnız çrx ciddi problem olarsa zəng eləsin. Bizim hesablamaya görə saaat 4-də maşınlar «Qırmızı körpü»də Azərbaycanla sərhədi keçməliydi. Saat 5-də isə biz anbarları pulla doldurmalı və banklara pul göndərməli idik».
Amma yolda maşınların biri xarab olub: «Gecə saat 3-ün yarısında həmin telefon zəng elədi. Telefonu götürməzdən əvvəl, lap filmlərdə olduğu kimi, bütün həyatım gözümün qabağından keçdi.
Adamımız dedi ki, sərhədə 100 km qalmış maşınlardan biri xarab olub, işə düşmür. Ətrafda heç kim yoxdur. Sürücülər, inkasatorlar və mühafizə maşınlarıdır. Biz oraya yeni inkassator maşını göndərməli olduq. Və saat 4-də inkassatorlar pulların hamısını yeni avtomobilə yükləyib möhürlədilər. Həmin gecə 300 milyon dollar daşıyan iki inkasator bakıdan yola düşdü və səssiz-sədasız Tbilisiyə gəldi. Beləliklə saat 6-da bütün pullar banklara paylanmışdı və heç bir problem çıxmadı».
Sabiq prezident əməliyyat zamanı vicdanlı vətəndaşların, inkassatorların səylərini xüsusi qeyd edib: «Bu böyük qəhrəmanlıqdır ki, belə bir vəziyyətdə maaşı 700-800 lari olan sıravi vətəndaşlar gecə saat 4-də bu cür əməliyyat həyata keçirə bilməsi böyük qəhrəmanlıqdır», deyə G.Kadaqidze bildirib.