Azərbaycanın aparıcı banklarından olan «Azərbaycan Sənaye Bankı» ASC-nin maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, 2021-ci ilin ilk yarısı bankın aktivlərinin azalması, məfəətinin isə kəskin aşağı düşməsi ilə yadda qalıb. Bank ilk yarım ili 1 113 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilin eyni dövründən 3 dəfə azdır.
Hesabata görə, 2021-ci ilin ilk yarısında ASB Bank-ın faiz gəlirləri 14 359 min manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon manat və ya 11% azdır. Faiz gəlirlərinin azalması, əsasən kreditlərdən gələn faiz ödənişlərinin (8 226 min manat və ya əvvəlki ildən 16,5% az) aşağı düşməsi ilə bağlıdır.
Bankın faiz xərcləri isə təqribən 400 min manat və ya 5% azalaraq 7 997 min manat olub. Azalmanın səbəbi ASB Bankda olan digər bankların depozitləri üzrə ödəmələrin təqribən 2 dəfə azalaraq 1,3 milyon manatdan 730 min manata düşməsi ilə bağlıdır.
Əvəzində bankın qeyri-faiz gəlirləri 6,5% artaraq 2 964 mni manata yüksəlib. İlk yarım ildə ASB-nin qeyri-faiz xərcləri də 4,5% artaraq 7 447 min manat təşkil edib. Artımın səbəbi göstərilmiş xidmətlərə görə haqq və komissiya xərclərinin təqribən 700 min manat və ya 50% artaraq 2,1 milyon manata yüksəlməsi olub.
ASB Bankda əmək haqqı xərcləri azalıb
İlk yarım ildə ASB bankın əmək haqqı xərcləri aşağı düşüb. 2020-ci ilin ilk yarım ilində bank əmək haqqı xərclərinə 2 428 min manat sərf etdiyi halda, bu il həmni göstərici 2 384 min manat olub.
Nəticədə bankın əməliyyat mənfəəti ötən illə müqayisədə təqribən 45% azalaraq 3,4 milyon manatdan 1,9 milyon manata düşüb. Üstəlik, bundan 483 mni manatı aktivlər üzrə mümkün zərərlərin qarşılanması üçün ehtiyat ayrılıb (2020-nin eyni dövründə ehtiyatlardan 805 min manat qaytarılmışdı). Daha 283 min manat isə vergilərə sərf edilib. Nəticədə bank ilk yarım ili 1 113 min manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki ilin ilk yarısı ilə müqayisədə 3 dəfə aşağıdır.
Aktivlər azalıb, kredit portfeli kiçilib
İlk yarım ildə ASB bankın balans göstəricilərində azalma müşahidə edilib. İyul ayının 1-ə bankın aktivləri 864 683 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə təqribən 47 milyon manat və ya 5,1% aşağıdır.
Azalmanın əsas səbəbi bankır kredit portfelinin kiçilməsidir. 2021-ci lin ilk yarısında bankın xalis kreditləri 250 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 61 milyon manat və ya təqribən 20% azdır. Ümumiyyətdə son bir ildə bankın aktivləri 60 milyon manat (6,5%), kredit portfeli isə 90 milyon manat (26%) azalıb.
Kredit portfelini azaldan bank, əldə qalan sərbəst vəsaitlərini depozit kimi yatırıb. Nəticədə ilk yarım ildə ASB Bank-ın başqa banklardakı depozitləri 55 milyon manat artaraq 440 milyon manatdan 495 milyon manata yüksəlib.
2021-ci ilin yanvar-iyun ayları ərzində bankın öhdəliklərində də 50 milyon manata yaxın azalma olub – bu göstərici ilin əvvəlindəki 808 milyon manatdan 759 milyfon manata enib.
Azalmanın səbəbi bankdakı depozitlərin məbləğinin 50 milyon manat azalaraq 640 milyon manatdan 590 milyon manata düşməsi ilə bağlıdır.
Bankın cəmi kapitalı isə bu dövrdə 1,5 milyon manat və ya 1,5% artaraq 15,7 milyon manat olub.