Çinin artıq dünya avtomobil nəhənginə çevrilmiş BYD avtomobil şirkəti alıcıları və rəqib şirkətləri təəccübləndirməkdə davam edir.
FED.az xəbər verir ki, BYD-nin ən populyar olan avtomobili yeni nəsildə daha da əlçatan olub, söhbət «BYD Seagull Honor Edition»dan gedir.
BYD, keçən ilki bestseller olan «BYD Seagull»un yeni versiyasını təqdim etdi. BYD Seagull Honor Edition adlanan avtomobilin rəsmi qiyməti 9700-11900 dollar arasında dəyişir. Keçən il isə qiymətlər 10 200-12 500 dollar idi.
Xatırladaq ki, BYD Seagull keçən ilin aprelində təqdim edilmiş tam elektriklə işləyən 5 qapılı hetçbekdir. Bu model 2023-cü ildə Çində 280 217 ədəd satılaraq BYD-nin ən çox satılan maşınıdır.
«BYD Seagull Honor Edition» 305 - 405 km arasında elektrik məsafəsi təklif edir. Maşının ölçüləri 3780 × 1715 × 1540 mm, təkər bazası 2500 mm-dir. Mühərrikin maksimal gücü 55 kVt, maksimal fırlanma anı 135 Nm, 0-50 km/saat sürətlənmə müddəti 4,9 saniyədir. Maşının akkumulyatorunun 30%-dən 80%-ə qədər doldurulma müddəti 30 dəqiqə çəkir.
Maşında standart avadanlığa ön təhlükəsizlik yastıqları, ön və arxa yan pərdə hava yastıqları, 3 arxa park sensoru, arxa görüntü kamerası sistemi, sabit sürət kruiz-kontrol daxildir və Flying versiyası da adaptiv kruiz əldə edir.
Bütün modellər standart olaraq Bluetooth və NFC açarları, 4G dəstəyi və onlayn naviqasiya ilə təchiz edilmişdir.