Aqrar

Xaçmazlı fermerdən - REKORD

Xaçmazlı fermerdən - REKORD | FED.az
12:56 13 İyul 2019

Xaçmaz rayonunda fermer Rövşən Şərifovun buğda sahələrində respublikamız üçün yüksək nəticə sayılan məhsuldarlıq qeydə alınıb.

Təsərrüfatçı hər hektardan 70 sentnerədək taxıl əldə edib.

Müasir texnologiyalardan istifadə edən R.Şərifov 10 hektar sahədə buğdanın “Bayraqdar” sortunu yetişdirib. Əkin üçün toxum yerli toxumçuluq təsərrüfatından əldə olunub.

Eləcə də bax: “Soğanın qiyməti bundan aşağı olanda - BİZƏ SƏRFƏLİ OLMUR" - FERMERDƏN AÇIQLAMA

“Xaçmaz rayonunda yerləşən toxumçuluq təsərrüfatının uzunmüddətli təcrübəsi var. Burada vaxtaşırı araşdırmalar aparılır. Biz mütəxəssislərin rəyi əsasında əkin üçün “Bayraqdar” sortunu seçdik. Sahəmizdə bol məhsul yetişib. Metodik hesablamalarımıza görə, zəmidə hər hektara orta hesabla 60-70 sentner məhsul var. Maraqlananda gördük ki, bu ölkəmizdə məhsuldarlığa görə geniş sahədə əldə olunan ən yüksək göstəricilərdəndir. Biçin başa çatandan sonra dəqiq göstəricini açıqlaya biləcəyik”, - deyə təsərrüfatçı bildirib.

Eləcə də bax: «Məhsulu xaricə iki qat qiymətə sata biliriksə niyə də satmayaq» – ÇİYƏLƏK BİZNESİ

 

Yüksək məhsuldarlıq əldə olunan taxıl sahəsində torpaq əvvəlcədən kamposlaşdırılıb. Həmçinin ozon texnologiyasından istifadə etməklə toxumların keyfiyyətli saxlanılması təmin edilib. Ozonlaşdırılan toxumlar bütün bakteriyalardan təmizlənir və həmin buğda alaq otlarından daha tez cücərir. Toxumun ozonlaşdırılması məhsuldarlığın 15-20 faiz artmasına şərait yaradır.

“Bu təcrübəni əkin sahəmizin yarısında tətbiq etmişik ki, digər sahələr ilə müqayisə edə bilək. Gördüyünüz kimi, müasir texnologiyalardan istfadə etdiyimiz əkin sahəsində yüksək məhsuldarlıq əldə olunub. Taxılçılıq inkişaf etmiş ölkələrin hər birində bu mütərəqqi texnologiyalardan istifadə edilir. Biz də yüksək məhsuldarlıq etmək üçün yeni qaydalara əməl etməliyik. Taxıl əkilən sahə kamposlaşdırılaraq münbitləşməli, torpağın bakterioloji mühitinin tənzimlənməsi həyata keçirilməlidir. Müasir texnologiya və metodlardan istifadə etsək ölkəmizdə taxıla olan təlabatı yerli istehsalın hesabına ödəyə bilərik”, - deyə R.Şərifov qeyd edib.

Xaçmazda cari ilin məhsulu üçün ümumilikdə 25 min 9 hektar sahədə taxıl əkilib. Bunun 5 min 786 hektarı arpa, 19 min 223 hektarı isə buğda zəmiləridir.



Digər xəbərlər