Tütün tədarükü mövsümünün başlanılması ilə əlaqədar mövcud vəziyyətlə tanış olmaq məqsədilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, törəmə müəssisə olan “Azərtütün ASK” MMC-nin məsul şəxslərinin iştirakı ilə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün istehsalı ilə məşğul olan fermerlərlə görüşlər keçirilib.
Korporasiyadan FED.az-a verilən məlumata görə, görüşdə fermerlərin tütün istehsalı ilə əlaqədar qarşılaşdıqları problemlər, ehtiyaclar ümumiyyətlə mövcud vəziyyət barədə fikirləri dinlənilib.
Fermerlər məhsul istehsalı ilə əlaqədar onlara verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütünün qəbul qiymətinin və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş tütünə görə tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılmasını xahiş ediblər.
“Azərtütün ASK” MMC-də tədarüklə bağlı təsərrüfat fəaliyyətinin təşkili və maddi-texniki bazanın mövcud vəziyyəti də nümayiş etdirilib. Görüşlər çərçivəsində “Azərtütün ASK” MMC ilə tütün istehsal edən sahibkarlar arasında işgüzar əlaqələrin daha sıx təşkil edilməsi, operativliyin təmin olunması, qərarların çevik qəbul edilməsi və tütün istehsalçılarının maraqlarını əks etdirməsi məqsədi ilə hər bir rayonda 5 nəfər fermerin cəlb edilməsi ilə məşvərət şuralarının yaradılması qərara alınıb.
Cari mövsümdə “Azərütütün ASK” MMC-nin mütəxəssisləri tərəfindən tütün əkilməsi və becərilməsi sahəsində istehsalçılara zəruri dəstək göstərilib, aqrotexniki qaydalara riayət edilməsi məsələləri nəzarətdə saxlanılıb, fermerlərə yerindəcə lazımi metodiki tövsiyyələr və məsləhətlər verilib.
Tütünçülər alış qiymətinin və subsidiyanın - ARTMASINI İSTƏYİRLƏR
13:14
8 İyul 2019