2017-ci ildə Türkiyədə çay istehsalı 2 milyon 460 ton təşkil edib. Hazırda ölkə bu göstəriciyə görə Çin, Hindistan, Keniya və Şri-Lankadan sonra beşinci yerdədir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Türkiyənin Statistika İnstitutunun məlumatında isə deyilir ki, qardaş ölkə son beş ildə çay məhsullarının ixracından 115,3 milyon dollar vəsait əldə edib.
Qeyd olunur ki, Türkiyənin çayın satışından gəlirləri ilbəil artır. Məsələn, ölkə 2013-cü ildə çayın əcnəbi ölkələrə ixracından 17 milyon gəlir əldə etmişdisə, 2017-ci ildə bu rəqəm 25 milyon dollar təşkil edib. Türkiyə hökuməti bu sahəyə sərmayə qoyuluşunu stimullaşdırmağa çalışır.
Aqrar sahə üzrə mütəxəssislərin sözlərinə görə, bu il ölkənin çay plantasiyalarında bol məhsul becərilib. Bu səbəbdən ilin sonunadək çay istehsalı və satışının xeyli artacağı gözlənilir.
Maraqlıdır ki, Türkiyə çayının alıcıları, əsasən, Avropa ölkələridir. Türkiyə son beş ildə 33 Avropa ölkəsinə 75,4 milyon dollarlıq məhsul satıb. “Köhnə qitə”də Türkiyə çayının müştərilərinin siyahısına Belçika və Almaniya başçılıq edirlər.
Siyahıda sonrakı yerləri Fransa, Niderland və Böyük Britaniya tutur. Təqdirəlayiq haldır ki, Türkiyə çayçıları Yaxın Şərq ölkələrinə də məhsul satışını artırıblar. Məsələn, son beş ildə Suriyaya 14,1; İraqa 4,5; Səudiyyə Ərbistanına 3,8 milyon dollarlıq çay satılıb. Yeri gəlmişkən, okeanın o tayında, xüsusilə də ABŞ-da da Türkiyə çayına maraq göstərənlərin sayı azalmır ki, artır.
Yuxarıda adını çəkdiyimiz Türkiyə Statistika İnstitutunun məlumatına görə, ölkə son beş ildə Birləşmiş Ştatlara 4,3 milyon dollarlıq çay ixrac edib.
Türkiyə 110 dövlətə çay ixrac edirmiş – DÜNYADA 5-CİDİR
22:31
22 Avq 2018