Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində növbəti təsərrüfata dəstək göstərilib.
FED.az xəbər verir ki, Qax rayonunda yerləşən arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.
Kənd təsərrüfatı naziri İnam Kərimov rayonun Ləkit kəndində “Bal Evi” arıçılıq təsərrüfatında görülmüş işlərlə tanış olub, aqroekoturzim layihələrinin təqdimatı mərasiminə qatılıb. Mərasimdə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində görülən işlər, bu sosial layihənin aqrar turizmin inkişafına, kənd yerlərində məşğulluğun artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə təsiri barədə məlumat verlib. Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub.
Daha sonra “Bal Evi” təsərrüfatının rəhbəri Bədrəddin Həsrətov, “Biogarden” təsərrüfatının rəhbəri Etibar Nuriyev, “Lakeside Garden” təsərrüfatının rəhbəri Ramtik Alızadə, “Ballı bağça” təsərrüfatının rəhbəri Anar Məmmədov öz təsərrüfatlarının təqdimatını keçiriblər.
Tədbirin yekununda “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub. Layihənin məqsədi qadınların arıçılıqla məşğul olmasını stimullaşdırmaq, bu sahəyə maraq göstərən qadınlara müvafiq təlimlər keçmək, onları sosial layihə çərçivəsində arıçılıq avadanlıqları ilə təmin etməkdir.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir.