Mil-Muğan bölgəsində fermerlər bostandan mövsümün son məhsulunu toplayırlar.
Azərbaycan qarpızı xaricə neçəyə satılır? - ÖLKƏLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, Mil-Muğan bölgəsində yerləşən Saatlı rayonunda qarpız mövsümü bitmək üzrədir, yaxın günlərdə bostanlarda tədarük tamamlanacaq. Uzun illərdir bostançılıqla məşğul olan Asim Səmədov deyir ki, yay mövsümünün son aylarında yetişdirilən məhsul daha keyfiyyətli hesab edilir: “Hazırda becərdiyimiz qarpız payızlıq sayılır, 3 ay əvvəl əkilib, yəni yay mövsümü başlayanda. Payızlıq məhsulun yaz mövsümündə əkiləndən fərqi odur ki, günəş şüasını daha çox qəbul edir. Buna görə də məhsulun tamı, keyfiyyəti daha yaxşı olur. Amma bu il elə olmayıb”.
Qarpızın becərilməsindən danışan Asim Səmədov bildirir ki, bostan sahəsində işləmək heç də asan deyil, çox zəhmət tələb edir. “Əkin işlərinin demək olar ki, hər il xərci artır. Xüsusən də, toxum xarici ölkələrdən gətirildiyinə görə daha çox xərc tələb edir. Üstəlik davamlılığı olmur, çünki indiki toxumlar zəifdir, tez xəstəlik tapır. Məsələn, gec də suvarılsa, tez də suvarılsa yanma ehtimalı çox olur. Amma dədə-baba sortlar var idi ki, onlar heç də bu qədər suvarılmazdı, nə də tez xəstəlik tapmazdı. İndi o toxumlar da tapılmır”, - deyə o əlavə edib.
Hava şəraitinin əlverişsiz keçməsi bu il əsasən ilk mərhələdə əkilən şitillərə təsir edib. İntensiv yağışları yüksək temperaturun əvəzləməsi qarpız tağlarında xəstəliklərin yaranmasına yol açıb. Bostançı Şahmurad İmanov, həm hava şəraitinin əlverişsiz keçməsindən, həm də ziyanvericilərin çox olmasından şikayətlənir. Deyir ki, Mil-Muğan bölgəsində əsasən “qara qarpız” və “karistan” deyilən sortlar becərilir: “Bu iki sortun becərilməsinin əsas səbəbi hər tağda 3-4 ədəd qarpız olmasıdır. Amma bu il ziyanvericilər çox oldu deyə, hər tağda 1-2 qarpız yetişib. Bu da məhsuldarlığa təsir göstərib. Əvvəlki illərdə hektardan 60-70 ton götürülürdüsə, bu il 20-30 tona qədər məhsul götürə bildik”.
Bostançı Əfqan İmanov isə builki qarpızların şirinliyinin digər illərə nisbətən aşağı olduğunu və bunun məhsulun alıcılıq qabiliyyətinə təsir etdiyini deyir. “Qarpızın dadı əsasən toxumla əlaqəlidir. Əvvəllər becərdiyimiz qarpız növləri yerli toxumlardan olurdu. Növbəti il üçün həmin qarpızlardan da toxum götürürdük, məhsulu bol olurdu, yaxşı pula satırdıq. Amma indiki əkdiyimiz qarpızın dadı yoxdur. Alıcı elə bostanda qarpızı kəsir və dadsız olduğunu görüb almır”, - deyə Əfqan İmanov bildirir.
Qeyd edək ki, Mil-Muğan bölgəsində qarpız mart ayından başlayaraq üç mərhələdə əkilir. Həmin ardıcıllıqla da sahədən tədarük olunur. Hazırkı yığım isə mövsümün sonuncu əkinindən əldə olunub. Saatlı Rayon Dövlət Statistika İdarəsindən verilən məlumata görə, ötən ilə nisbətən bu il 71,5 hektar çox olmaqla, 2535 hektar sahədə bostan əkilib və ümumilikdə sahələrdən 87 min 979 ton məhsul tədarük edilib. Bu da ötən illə müqayisədə 2500 ton çox məhsul deməkdir. Əkin sahələrinin 1623 hektarını qarpız bitkisi təşkil edib və sahələrdən 61 min 878,8 ton məhsul yığılıb. 912 hektar yemiş sahəsindən isə 26 min 100,2 ton məhsul tədarük olunub. (Azərtac)