Ölkənin iri əkinçilik şirkətlərindən olan “Qarabağ Taxıl” MMC-nin idarəetmə formasında və rəhbərliyində dəyişiklik olub.
FED.az-a MMC-dən verilən xəbərə görə, nizamnamə kapitalının miqdarı 4 milyon manat olan şirkətin effektiv idarə edilməsi üçün təkbaşına idarəetmə metodu ləğv edilərək, kollegial idarəetmə üsulu seçilib. Şirkətin İdarə Heyətinə Vüqar Baloğlanov sədr təyin edilib. Fikrət Abdullayev və Ruslan Behbudov isə İdarə Heyətinin üzvləri təyin olunublar.
“Səba” ASC-nin törəmə müəssisəsi olan “Qarabağ Taxıl” şirkətin əkinçilik fəaliyyətini özündə birləşdirib. Müəssisə ölkənin 5 rayonunda - Beyləqan, Ağcabədi, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Buğda və qarğıdalı seleksiyası ilə məşğul olan “Qarabağ Taxıl” bu il ilk dəfə olaraq, hibrid qarğıdalı və orijinal soya toxumları becərilməsinə başlayıb.
Qeyd edək ki, “Qarabağ Taxıl” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Dövlət dəstəyi ilə Azərbaycanda ilk özəl iri taxılçılıq təsərrüfatı məhz bu müəssisədə yaradılıb.