Nazirlər Kabineti «Aqrar tədarük və təchizat» ASC-nin nizamnaməsini təsdiqləyib.
FED.az xəbər verir ki, sənədə əsasən, «Aqrar tədarük və təchizat» ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.
Bu ASC dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir. ASC-nin nizamnamə kapitalı 6 milyon manatdır və hər biri 1 manat olmaqla 6 milyon səhmi var.
Nizamnaməyə əsasən, «Aqrar tədarük və təchizat» ASC aşağıdakı vəzifələri yerinə yetirir:
- dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil edir;
- büdcə təşkilatlarının verdiyi sifarişlər üzrə Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasını həyata keçirir;
- kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir;
- yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edir, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə edir;
- ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətləri göstərir;
- kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını təşviq etmək məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılarına avanslar verir;
- kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərir;
- fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edir;
- satın alınması nəzərdə tutulan kənd təsərrüfatı və ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların fəaliyyətinin monitorinqini aparır, monitorinqin nəticələrinə uyğun olaraq Cəmiyyətin elektron portalında yerləşdirilmiş məlumatlarda dəqiqləşdirmələr aparır və bu barədə istehsalçıya məlumat verir;
- kənd təsərrüfatı və ərzaq məhsullarının tədarük edilməsini, fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq saxlanılmasını və çatdırılmasını həyata keçirir;
- kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, onların təkmilləşdirilməsinə dair təkliflər verir;
- kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəz-ləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alınması prosedurlarında ortaya çıxan mübahisəli məsələləri araşdırır və qanunvericiliyin tələbləri pozulduğu hallarda tədbirlər görülməsi barədə aidiyyəti üzrə təkliflər verir;
Cəmiyyətin aşağıdakı hüquqları vardır:
- kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını, emalını, çeşidlənməsini, qablaşdırılmasını və digər lazımi tədbirləri təşkil etmək;
- kənd təsərrüfatı və ərzaq məhsullarının satış şəbəkələrini yaratmaq, saxlama və logistika mərkəzlərinin və anbarların yaradılmasını dəstəkləmək;
- kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı və ixracı zamanı zəruri olan beynəlxalq və yerli sertifikatların təmin edilməsi üçün tədbirlər həyata keçirmək;
- kənd təsərrüfatı və ərzaq məhsullarının intervensiyası tədbirlərinin həyata keçirilməsi üçün müvafiq işlər görmək;
- Cəmiyyətin elektron portalında yerləşdirilən istehsal-çıların fəaliyyətinin monitorinqi məqsədilə və ya yerində monitorinq zamanı onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumat-lar almaq;
«Aqrar tədarük və təchizat» ASC-ni idarə heyəti idarə edəcək. İdarə Heyəti 3 üzvdən ibarətdir, üzvləri Kənd Təsərrüfatı naziri vəzifəyə təyin edir. Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetindən «Aqrar tədarük və təchizat» ASC ilə bağlı – QƏRAR
10:35
6 İyul 2019