Samux rayonunun Sərkar kəndində unikal pilot layihə fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən FED.az-a daxil olan məlumata görə, 3 rayonun - Samux, Şəmkir və Göy-göl rayonlarının fermerlərinin becərdiyi məhsulu emalçı ilə əlaqələndirəcək və hazır məhsulun satıcıya çatdırılmasını təmin edəcək layihə “Meyvə qurusu istehsalı üzrə dəyər zənciri” adlanır.
Samuxda yaradılacaq müəssisənin nümunəsində demək olar ki, Azərbaycanda ilk dəfə yerli emalçı ölkəmizə xaricdən idxal olunan qara kişmişlə rəqabət aparacaq məhsul istehsal edəcək və onun məhsulu həm idxalı əvəzləyəcək, həm də ixraca yönləndiriləcək.
"Dəyər zənciri" layihəsi çərçivəsində ayrılan qrant bir nəfərə və ya tək emalçıya verilməyəcək – vəsait istehsalçıdan, yəni fermerdən zəncirin son halqasına – məhsulun alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına sərf olunacaq.
Dünya Bankının monitorinq sistemi ödəmə və məsrəflərin tamamilə şəffaflığına nəzarət edəcək.
Bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə razılaşmasına əsasən, 20 belə dəyər zənciri qrant layihəsi həyata keçiriləcək.
Layihənin əsas məqsədləri dayanıqlı və sağlam fermer təsərrüfatlarının sayını artırmaq, emalçıları yerli xammaldan istifadəyə həvəsləndirmək, rəqabətyönümlü məhsulların istehsalı ilə idxalı əvəzləmək və ixracyönümlü məhsul istehsalını artırmaqdır.
Qeyd edək ki, “Dəyər zənciri” Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində maliyyələşir.
“Dəyər zənciri” ilə hamı qazanacaq – FERMERLƏRİN İŞİ ASANLAŞIR
16:11
1 Fev 2018