Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 9-da Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Heydər Əsədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.
Nazir Heydər Əsədov Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub, Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətlərinin Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, toxumçuluq, subsidiya və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra pambıq tarlasına və taxıl biçininə baxış keçirilib.
Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Məlumat verilib ki, Yevlax, Ağdaş, Goranboy, Samux və digər ətraf rayonlardan olan 63 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə, 1 milyon 954 min 346,60 manat məbləğində 114 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 767 min 838,80 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 19 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.
İndiyədək “Aqrolizinq” ASC-dən respublika üzrə 7680 istifadəçinin lizinqə götürdüyü 16 min 537 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 113 milyon 176 min 932,86 manat məbləğində güzəşt tətbiq olunub.
Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsəndən olan 100-ə yaxın mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri də dəyişdirilib.