2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz bahalaşmışdır.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır.
Ay ərzində bitkiçilik məhsullarından lobyanın, bibərin, tərxunun, xiyarın, pomidorun, qarğıdalının, baş soğanın, kartofun, albalının, alçanın, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələmin, şüyüdün, süfrə çuğundurunun, baş sarımsağın, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşmış, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşmışdır. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.