"Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalında orta topdansatış qiymətləri müəyyən olunub. Bunu "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
E. Əsədovun sözlərinə görə, istehsalçı, fermer ASC ilə müqavilə bağlayırsa, artıq məhsulu satmış hesab olunur. "İstehsalçı məhsulu bizim anbara da verə bilər. Bundan başqa, biz asan tədarük mexanizmlərinin yaradılmasını düşünürük. Yeganə şərt istehsalçı kimi portaldan qeydiyyatdan keçmək və ASC ilə müqavilə bağlamaqdır. Bölgələrdə, kəndlərdə yaşayan istehsalçılar isə bizim regional bölmələrə gəlib portalda qeydiyyatdan keçmək üçün əməkdaşlarımızın köməyindən istifadə edə bilərlər. Bundan başqa, "ASAN xidmət" vasitəsilə qeydiyyata düşmək mümkündür. Tədarükə dəstək nöqtələri vasitəsilə də imkanı olmayan şəxslərə www.tedaruk.az portalına qoşulmaq üçün dəstək verəcəyik", - deyə o qeyd edib.
E. Əsədov əlavə edib ki, istehsalçılara bağlanmış müqavilə əsasında avans da veriləcək: "Avans istehsalçının istehsal edəcəyi malın 25%-i dəyərində olacaq. Avansı verməklə iş bitməyəcək. Məhsulun toxumun əkilməsindən becərilməsinə qədər bütün proseslərə nəzarət olunacaq. Avansların verilməsinə gələn ilin oktyabr ayından başlanılacaq".