Noyabrın 10-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu İsmayıllı rayonunun Qalınçaq kəndində keçirib.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2032 investisiya layihəsinin maliyyələşdirilməsinə 134 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 2,2 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, intensiv kartofçuluq, bağçılıq, logistika mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış intensiv kartofçuluq təsərrüfatına, logistik mərkəzin tikintisinə baxış keçirilib.
İsmayıllıda intensiv kartofçuluq təsərrüfatı yaradılıb
16:16
10 Noy 2016