Azərbaycanda torpaq sahibləri və fermerlər kənd təsərrüfatı kooperativlərinin yaradılmasına maraq göstərmirlər. FED.az xəbər verir ki, bu məsələ Kürdəmirdə rayon icra hakimiyyətinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının və “İdrak” Elmin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatının inkişafında kooperativ təsərrüfatların rolu, yaradılması və faydaları” mövzusunda tədbirdə müzakirə edilib.
Tədbirdə rayonda fəaliyyət göstərən fermerlər, habelə torpaq mülkiyyətçiləri iştirak ediblər.
Layihənin eksperti Aqil Babayev vurğulayıb ki, layihənin məqsədlərindən biri ölkədə kənd təsərrüfatındakı əsas vəziyyət araşdırılmaqla perspektivlərin öyrənilməsi və inkişaf edən dövlətlərdə fəaliyyət göstərən kənd təsərrüfatı kooperasiyası modellərinin Azərbaycanın aqrar sektorunda işləmə mexaniziminin tətbiq edilməsi üçün müvafiq dövlət qurumlarına tövsiyələr hazırlamaqdır.
Layihənin digər eksperti Fərid Vəlizadə kooperasiyaların mövcud vəziyyətindən danışaraq bildirib ki, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edir. Fermerlərin fərdiçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizimlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə pilot layihələrin həyta keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi və sair səbəblər kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidir.
Tədbirdə təqdim olunan layihə ətrafında müzakirələr keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Fermerlər kooperativlərdə birləşmək istəmirlər - MÜZAKİRƏ - SƏBƏBLƏR
10:03
29 İyun 2019