Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən uzunqulaq təsərrüfatına baxış keçirilib və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Məsələ ilə bağlı Agentliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, adı çəkilən institutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, həmin məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib.
Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir. Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.
Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Agentliyə müraciət etməsinin vacibliyi bildirilib.