Azərbaycanın nar istehsalçıları yeni növsümdə məhsul ixracına hazırlaşırlar.
FED.az ölkədə nar istehsalı ilə bağlı vəziyyəti, iqlim amillərinin təsərrüfatlara təsirini, ixrac imkanlarını barədə materialı təqdim edir.
Məhsul gec yetişib
“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov deyir ki, bu il yay fəslinin bir az gec gəlməsi meyvənin yetişməsində müəyyən dərəcədə gecikmələrə səbəb olub: "Birinci çiçəklər normal və yaxşı formada açdı, lakin ikinci çiçəklənmədə yayın gecikməsi öz mənfi təsirini göstərdi. Nəticədə, ikinci çiçəklər gecikdi və narın yetişməsi bir qədər ləngidi. Bununla belə, Mil-Muğan zonasındakı bağlarda birinci çiçəkləmədən yaranan narlar keyfiyyətli və normal rəngdədir. Düşünürəm ki, sentyabrın 15-dən etibarən bir çox bağlarda yığıma başlanıla bilər".
Azərbaycanda yeni nar bağ sahələri salınır
O əlavə edib ki, dövlətin intensiv bağlara subsidiyalar verməsi nəticəsində bağların sahəsi artır: "Bu kimi mexanizmlər boş torpaq sahələrində narçılığın inkişafına töhfə verir. Məsələn, fermerlərdən biri bu il sahəsini 60 hektara qədər genişləndirməyi planlaşdırır. Bu da dövlətin kənd təsərrüfatına göstərdiyi qayğı və birdəfəlik subsidiyaların narçılığın inkişafına böyük təsirindən xəbər verir”.
Sədrin sözlərinə görə, Qarabağdakı nar bağlarını artıq ixracatçılar icarəyə götürüb: “Bu, bölgədə nar istehsalının və ixracının artmasına imkan yaradır. İnanıram ki, Qarabağdan da yüksək keyfiyyətli nar və nar məhsulları xarici bazarlara çıxarılacaq və Azərbaycanın ixrac portfelinə mühüm töhfə verəcək. Xüsusilə Ağdam zonasında nar bağlarının inkişafı və məhsuldarlığın artması gözlənilir. Bu ərazi uzun illər ərzində kənd təsərrüfatının canlanması üçün böyük potensiala malikdir. Ümumiyyətlə, bu il nar istehsalında artım gözlənilir. İlk çiçəklərdən yaranan narlar keyfiyyətlidir, ikinci çiçəklər bir qədər geciksə də, yaxın zamanda keyfiyyətini göstərəcək. Həm istehsalın, həm də ixracın artacağına ümid edirik".
O, həmçinin deyib ki, 2024-cü ilin məlumatına əsasən Azərbaycanda nar bağlarının sahəsi 23,3 min hektar olub: “Mövcud nar bağlarının 21,7 min hektarı və ya 93,1 %-i barverən yaşdadır. 2024-cü ildə cəmi nar bağlarının 79,8 %-ni ənənəvi, 20,2 %-ni isə intensiv bağlar təşkil edib. Ötən il intensiv bağların payı əvvəlki illə müqayisədə 3,2 faiz bəndi artıb. İl ərzində cəmi nar bağlarının 14,6 %-i Göyçay, 14,6 %-i Kürdəmir, 9,4 %-i Ağsu, 8,1 %-i Ucar, 6 %-i Saatlı olmaqla, ümumilikdə 52,7 %-i 5 rayonun payına düşüb. 2024-cü ildə nar istehsalının 57,1 %-i 5 rayonun payına düşüb. Əsas istehsalçı rayonlar: Göyçay-19,8 %, Kürdəmir-16,6 %, Şəmkir-7,8 %, Sabirabad-7,4 %, Hacıqabul-5,5 % paya malikdirlər. 2024-cü ildə narın məhsuldarlığı 2019-cu ilə nisbətən 3,5 %, 2023-cü ilə nisbətən isə 0,7 % artaraq 88,6 sent/ha olub”.
Azərbaycan nar ixracında yeni bazarlar axtarır
Sədr qeyd edib ki, son illərdə Azərbaycan narı, ölkəyə valyuta gətirən ənənəvi neft və qaz sektorları ilə birlikdə iqtisadiyyatın parlayan sahələrindən birinə çevrilib: “2015-ci ildə Azərbaycan 5,818 ton narı 8,635 milyon ABŞ dolları dəyərində ixrac etmişdisə, 2024-cü ildə bu göstərici əhəmiyyətli dərəcədə artaraq 33,943 ton və 29,785 milyon ABŞ dollarına çatıb. 2024-cü ildə nar ixracının 86,7 %-i Rusiyanın, 5 %-i Ukraynanın, 5 %-i Gürcüstanın, 2,1 %-i Qazaxıstanın payına düşüb”.
Fərhad Qaraşov
Onun sözlərinə görə, Çin böyük bazar olduğu üçün Azərbaycan narının bu bazara da ixracı çox önəmlidir: "Artıq viza rejiminin ləğvi, turist axınının artması və iş adamlarının qarşılıqlı səfərləri bu istiqamətdə imkanlar yaradır. Biz də çox maraqlıyıq ki, Çinə narlarımızı ixrac edək”.
Hələlik isə Rusiya əsas ixrac istiqaməti olaraq qalır. “İxracatçılardan aldığımız məlumata görə, bu il Rusiyaya ixracda ciddi problem yaşanmayıb. Bəzən xırda çətinliklər yaransa da, ümumilikdə nar mövsümündə də ixracın problemsiz gedəcəyinə inanırıq. Bununla belə, Rusiya bazarında alıcılıq qabiliyyəti, həmçinin rublun dəyərindəki dəyişikliklər qiymətlərə təsir göstərir. Rusiya bazarına əvvəlcə Özbəkistan və Azərbaycan narları daxil olur, daha sonra Türkiyə narı bazara çıxır. Dadına və keyfiyyətinə görə Azərbaycan narı rəqabətsizdir, danına, keyfiyyətinə görə üstündür”, - F.Qaraşov əlavə edib.
O, Avropa İttifaqı ölkələrinə ixrac məsələsinə də toxunub: "Burada sertifikat tələbləri olduqca sərtdir və əlavə xərclər tələb edir. Bu səbəbdən fermerlər ənənəvi bazarlara üstünlük verirlər. Lakin böyük müqavilələr imzalanacağı halda Avropa bazarı da bizim üçün çox sərfəli ola bilər, çünki avro ilə satış daha yüksək gəlir gətirir” (Report).