Kənd Təsərrüfatı Nazirliyi (KTN) aqrar sektorda inzibati xətalar üzrə informasiya sisteminin yaradılması üçün açıq tender elan edib.
Tender Komissiyasından bildirilib ki, yeni sistem İnzibati Xətalar Məcəlləsində kənd təsərrüfatı sahəsinə şamil edilən məsələlər (ekoloji təmiz kənd təsərrüfatı haqqında qanunvericiliyin pozulması, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi, kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi və texnikanın sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması, genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi və s.) əsasında təşkil ediləcək.
Tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri sentyabrın 11-nə qədər, tender təklifi və bank təminatını isə sentyabrın 18-nə qədər KTN-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 80 ünvanına (Hökumət Evinə) təqdim etməlidirlər.
Təkliflərə sentyabrın 19-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.