Qısa müddətdə Fransaya 2 ton məhsul ixrac olunub.
Azərbaycanda qurbağa əti istehsal edən ferma yaradılıb. Bu barədə Sputnik-ə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.
O bildirib ki, sahibkar tərəfindən qurbağa ətinin ixrac edilməsi üçün Komitəyə müraciət edilib: "Bizim ağız dadımıza xas olmasa da, Avropada, xüsusilə Fransada daha çox sevilən qurbağa ətinin istehsalına və Fransaya ixracıan başlanıb. Yerli istehsalın xaricə ixracı bizim üçün sevindirici haldır. Qısa müddətdə artıq Fransaya 2 ton məhsul ixrac olunub".
F. Talıblının sözlərinə görə, qurbağa ferması Salyan rayonunun Şorsulu kəndində yerləşir: "Bu qurbağalar adi qurbağa deyil, məhz yemək üçün olan xüsusi qurbağalardır. Onlar xüsusi bəslənir və sonra kəsilərək ixrac edilir".
Mətbuat xidmətinin rəhbəri onu da qeyd edib ki, qurbağa əti nəinki ixrac edilir, hətta yerli restoranların bəziləri də qurbağa ətini məhz bu müəssisədən alır.
Qeyd edək ki, Salyanda qurbağa ferması "Azərifrog" MMC tərəfindən yaradılıb. Şirkət 2015-ci ildə təsis edilib və 2016-ci ilin yayından fəaliyyətə başlayıb.
sputnik©
Azərbaycanda qurbağa ferması yaradılıb
15:46
17 Okt 2016