Ölkədə fəaliyyət göstərən qabaqcıl meyvə və tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" təsis olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla bağlı bu gün Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, ölkənin bütün iqtisadi rayonlarını təmsil edən 100-ə yaxın meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarlar iştirak edib.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verən S. Məmmədov sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılmasının, investisiyanın təşviqi sənədinin verilməsinin və digər tədbirlərin özəl sektorun inkişafında xüsusi rol oynadığını qeyd edib.
Bildirilib ki, meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti meyvə-tərəvəz istehsalının artırılması, ölkənin ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq: “İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcək”.
Qeyd edək ki, "Zirə" İstixana Kompleksinin rəhbəri Bəşir Quliyev "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın İdarə Heyətinin sədri seçilib.
Azər Press
Azərbaycanda meyvə və tərəvəz istehsalçıları və ixracatçıları assosiasiya yaradıb
14:31
16 Avq 2016