Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 2016-cı ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatı istehsalı illik müqayisədə 1,8%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1,2%, heyvandarlıq məhsullarının istehsalı isə 2,5% artıb. Nəticədə, ölkədə faktiki qiymətlərlə 4 959,7 mln. manatlıq kənd təsərrüfatı, o cümlədən, 2 448,3 mln. manatlıq bitkiçilik və 2 511,4 mln. manatlıq heyvandarlıq məhsulları istehsal olunub.
Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 995,1 min hektar əkin sahəsindən 3 052,0 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,2 min ton çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Məhsul yığımı başlanandan noyabrın 1-dək sahələrdən 880,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,5 min ton çox kartof, 1 205,6 min ton (28,4 min ton az) tərəvəz, 464,5 min ton (19,1 min ton az) bostan məhsulları, 690,9 min ton (23,9 min ton az) meyvə və giləmeyvə, 124,7 min ton (17,6 min ton az) üzüm, 984,5 ton (426,6 ton çox) yaşıl çay yarpağı, 115,0 min ton (25,7 min ton az) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3 406,0 ton (67,3 ton çox) tütün yarpağı yığılıb.
Oktyabr ayının 31-nə sahələrdən 44,1 min ton (17,0 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.
Cari ilin ilk 10 ayında 391,8 min ton, yaxud əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,8% çox diri çəkidə ət, 1 673,2 min ton (2,9% çox) süd, 1 345,6 mln. ədəd (4,3% çox) yumurta, 16,9 min ton (1,0% çox) yun istehsal olunub.
Gələn ilin məhsulu üçün 690,1 min hektar sahədə şum qaldırılıb, 206,0 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 110,6 min hektar sahəyə buğda, 95,4 min hektar sahəyə isə arpa səpilib.