Prezident İlham Əliyev Azərbaycanda «Aqrar Sığorta haqqında» qanunun tətbiqi Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Fərmana əsasən, Nazirlər Kabineti Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fərmana əsasən, fondun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020 və 2021-ci illərdə isə fondun kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq.
Aqrar Sığorta Fondu Himayəçilər Şurası tərəfindən idarə olunacaq. Şura 5 üzvdən ibarətdir. Onlar Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələridir. Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq.
Azərbaycanda Aqrar Sığorta Fondu yaradıldı – PREZİDENTDƏN FƏRMAN
23:15
19 Avq 2019