Azərbaycana gətirilərək dövlət qeydiyyatına alınan məhsullar arasında Türkiyə, Rusiya, Ukrayna, Avropanın – Almaniya, Fransa, İtaliya və digər ölkələrindən gətirilənlər daha çoxdur.
Bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycana ət məhsulları daha çox Rusiya, Ukrayna, Braziliya, ABŞ, Kanadadan, ətirlər Çexiya, Fransa, Polşa və Türkiyədən gətirilir.
N.Saleh bildirib ki, ölkəyə gətirilərək dövlət qeydiyyatına alınanlar arasında uşaq qidaları, ət məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, yağlar, müxtəlif qənnadı məhsulları üstünlük təşkil edir.
N.Saleh əlavə edib ki, 2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınır. Ötən il 10 998 qida məhsulu, 4484 qeyri-ərzaq məhsulları laborator müayinələrdən keçdikdən sonra dövlət qeydiyyatına alınıb.
Trend©